Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür

28 Yanvar 2021 12:06 (UTC+04:00)

Bu gün ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 6 il ötür. SİA-nın məlumatına görə, Azərbaycan poeziyasında öz yolu, öz dəstxətti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya qucaq açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.

Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, bəlkə də elə buna görə yazırdı:

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...