Xankəndindən gələn siqnallar: atəşkəsin pozulması qədər təhlükəlidir! TƏRS BAXIŞ+ÖZƏL

28 Yanvar 2021 11:08 (UTC+04:00)

Bunun üçün heç də hansısa araşdırmalar aparıb, situasiyanı zorən müsbət məcraya doğru yönəltməyə də ehtiyac yoxdur

Artıq bir neçə müddətdir ki, separatçı quldurların və terrorçu qalıqlarının sığındıqları sonuncu platsdarm mərkəzi – Xankəndindən istər-istəməz qıcıqlar yaradan, hətta açıq-aşkar meydanoxuma təsiri bağışlayan, o cümlədən, təxribatçılıq məqsədləri güdən bəyanatlar səsləndirilməkdədir. Belə ki, mövcudluğuna son qoyulmuş və son nəfəsini verən qondarma “dqr”in “hərbi-siyasi” rəhbərliyinin bu günün özündə belə aşkar həyasızlıq sərgiləmələri, Azərbaycanın ərazi bütövlüyünə qarşı sərsəm bəyanatlar səsləndirmələri, bu da azmış kimi “güc nazirlikləri” yaradaraq, oraya “nazir” və s. “vəzifələr” təyin etmələri onların heç də sülhə hazır olmamalarını, əksinə - yeni müharibəyə təhriklərini açıq-aşkar isbatlamaqdadır. Yəni bunun üçün heç də hansısa araşdırmalar aparıb, situasiyanı zorən müsbət məcraya doğru yönəltməyə də ehtiyac yoxdur: loru dillə desək kor-kor, gör-gördür və bunun əsnasında təcili addımların atılması zərurəri günü-gündən daha çox görünməyə başlayır.

Beş-on nəfərlik erməni quldur çetesinin həyasızlıqları heç cür qəbul ediləsi hal kimi qiymətləndirilə bilinməz

Xüsusilə, Ali Baş Komandanımızın rəhbərliyi altında və müzəffər ordumuzun şücaəti nəticəsində cəmi 44 günə işğaldan azad edilmiş torpaqlarımızın yerdə qalan cüzi hissəsində (!) beş-on nəfərlik erməni quldur çetesinin həyasızlıqları heç cür qəbul ediləsi hal kimi qiymətləndirilə bilinməz.

Bilinməz ona görə ki, əzəli və əbədi torpaqlarımız olan Xankəndi, Xocalı, Əsgəran, eləcə də digər bir neçə digər ərazilərimizdə, hətta üçətərəfli bəyanatdan sonra belə, separatçıların əski parçaları dalğalanmaqda davam edir. Üstəlik, həmin əski parçaları təmas xətlərindən görünməkdədir!

O cümlədən, bu gün özünü “dqr”in “prezidenti” hesab edən Araik Arutunyan məhz Azərbaycanın ərazisində ola-ola qırmızı axtarış səhifəsindədir və onun, eləcə də ətrafındakı quldur dəstələrinin terrorbaşıları qismində həbs edilərək ölkə qanunlarımız çərçivəsində mühakimə olunmaları vacibliyi unudulmamalıdır. Təkcə Araik Arutunyanın müharibə dövründə Gəncəni, Bərdəni və s. şəhərlərimizi raket atəşlərinə tutulması, dinc əhalimizin qətlə yetirilməsi istiqamətində verdiyi – “Şəhərlərin vurulması şəxsən mənim əmrimlə olub” bəyanatı heç birimizi rahat buraxmamalı, sakit oturmamıza, seyrçi qalmamıza səbəb olmamalıdır!

Terrorçu Poqosyan əlavə edib ki, azərbaycanlı qaçqınların onların nəzarətində olan ərazilərə geri qayıtmaları istisna olunur

Və onun “artsax” heç vaxt Azərbaycanın tərkibində statusa malik olmayacaq” bəyanatının ardınca ətrafındakı tör-töküntülərin – məsələn, “dqr”in “prezident aparatının baş informasiya idarəsinin” saxta rəisi Vaqram Poqosyanın da eyni sözləri təkrar etməsi, üstəlik, daha həyasız məcraya yönəltməsi bıçağın növbəti dəfə sümüyə dayandığını sübut edir. Nə deyib Poqosyan? Deyib ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Yaxud bildirib ki, belə bir məsələ müzakirə olunmur və “artsax hakimiyyəti” dəfələrlə bu barədə yaranan şayiələri rədd edib. SİA xəbər verir ki, o, Poqosyan bunu 168.am- müsahibəsində bildirib. Bu baxımdan da, üzvü olduğu terror çetesinin başçısı Araik Arutunyanın sözlərinə istinad edərək, “Həmin suala prezident səviyyəsində dəqiq cavab verilib”, ifadəsini təkrarlayıb.

Bu da son deyil! Terrorçu Poqosyan əlavə edib ki, azərbaycanlı qaçqınların onların nəzarətində olan ərazilərə geri qayıtmaları istisna olunur və bu barədə də məsələ müzakirə edilməyib (?!-R.R.)

İndi isə gəlin bu məsələni bir daha dərindən araşdıraq və yenidən separatçıların “sülhəhazırolma” timsalında maraqlarının açıq etiraf edək ki, olmadığını vurğulayaq...

Hər an Azərbaycan dövləti və əsgəri üzərinə düşən missiyasını başa çatdırmaq qərarını verə bilər

Söz yox ki, heç Ermənistan rəhbərliyi də buna hazır deyil. Sadəcə, Azərbaycanın qalibiyyəti və güc tətbiq edərək torpaqlarını işğaldan azad etməsi, erməni iqtisadiyyatının və həbri sahəsinin tamamilə çökməsi yerdə qalan bir sıra problemlərin aradan qaldırılmasına səbəb olmaqdadır – nəqliyyat kommunikasiyaların açılması və s. məsələlər. Yəni erməni tərəfi məğlubiyyətə uğradığı üçün buna məcbur edilib və onların əllərində imkan olsaydı, söz yox ki, daha 30 il sentyabrın 27-ə qədər olan vəziyyəti davam etdirəcəkdilər. Bu zaman sual yaranır: nəyə görə Xankəndində qalan terror çetesi hələ də “mənəm-mənəm” deyəcək qədər burnunu çölə çıxarmağa başlayıb? Nəyə, kimə və haralara güvənir? Bəli, Rusiya sülhməramlılarına və yalnız onlara. Onda sülhün, atəşkəsin təmin olunması üçün bölgəyə gətirilən sülhməramlılar əziyyət şəkib, sözügedən ünsürləri oradan çıxarmalı, eləcə də axtarışda olan terrorçuların həbs edərək Azərbacana təhvil verməyə borcludurlar. Biz hələ yerdə qalan digər xırda-para məsələləri demirik...

Və ən nəhayət, Xankəndindən gələn siqnallar atəşkəsin pozulması qədər təhlükəlidir və bu reallıq hər zaman, daim diqqətdə olmalıdır. Çünki bu gün heç nələri qalmasa belə, yenə də hərbi ritorikalarla çıxış edənlərin hətta quru-quru olsa da, bəyanatlar vermələri sabah daha ağır fəsadlara səbəb ola bilər.

Yeri gəlmişkən, ortada sülh razılaşması yoxdur və üçtərəfli atəşkəs razılaşmasını, hələlik, bəyanatlarla pozanlar da ermənilərdir və rus sülhməramlıları bütün bunların müqabilində konkret tədbirlər görməlidirlər, görə bilmirlərsə, çəkilməlidirlər kənara – ona görə ki, hər an Azərbaycan dövləti və əsgəri üzərinə düşən missiyasını başa çatdırmaq qərarını verə bilər. Buna isə kimsənin şübhəsi olmamalıdır!

Rövşən RƏSULOV