Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni sənədlər təhvil verilib

27 Yanvar 2021 17:48 (UTC+04:00)

Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən Vətən müharibəsini özündə əks etdirən 84 saxlama vahidi fotosənəd və 201 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, təhvil verilən kino–foto sənədlər 44 günlük Vətən müharibəsinin ilk günlərindən Zəfər gününə qədər Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu, parlaq qələbələrini, Ermənistan ordusunu məğlub etməsini, hərbi qənimətləri, ayrı-ayrı döyüş səhnələrini, kəndlərimizin, rayonlarımızın və şəhərlərimizin işğaldan azad edilməsini, habelə müzəffər Ordumuzun əsgər və zabitlərinin qələbə sevinclərini əks etdirir.
Bununla yanaşı, həmin sənədlər arasında 30 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vaxtilə işğal edilmiş və Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə düşmən tərəfindən həyata keçirilmiş vandallıq aktlarını, kənd və şəhərlərimizin dağıdılmasını, tarixi abidələrimizin, məscidlərimizin, qəbirstanlıqların və viran qoyulmuş digər maddi mədəniyyət nümunələrinin Müdafiə Nazirliyinin hərbi operatorları və fotoqrafları tərəfindən, o cümlədən çəkiliş təyinatlı dronların vasitəslə lentə alınmış kino-foto sənədləri də yer alıb.

Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.