Yüksək patogen quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirilib

27 Yanvar 2021 15:13 (UTC+04:00)

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə mövsümi epizootoloji monitorinqlər həyata keçirilib.

AQTA-dan SİA-ya verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Ağzıbir ovçuluq təsərrüfatını, Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib.

Eyni zamanda Bakı şəhərindəki, Abşeron, Ağcabədi, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan, o cümlədən Bakı şəhərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Ucar, Beyləqan, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində quşdan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya tələf olan quş cəsədinə rast gəlinməyib.