“Həmin heykəlin başına zəncir keçirib zibilliyə dığırlamaq lazımdır” MƏRKƏZ SƏDRİ

27 Yanvar 2021 14:52 (UTC+04:00)

“Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuş Qaregin Njdeyə Xocavənd rayonunun mərkəzində heykəl ucaldılması Ermənistanın növbəti təxribatıdır. Bu cür hallar bölgədə sülhü təhdid etməklə yanaşı, həm də rəsmi Yerevanın pozuculuq niyyətindən xəbər verir. Ermənilər belə ucuz təxribatlara əl atmaqla öz vəziyyətlərini daha da ağırlaşdırırlar”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Seymur Verdizadə qeyd edib ki, Ermənistanın 44 günlük Vətən Müharibəsindən dərs çıxarmaması təəssüf doğurur: “Ermənilər məğlubiyyətlə barışmalıdırlar. Ermənistan hakimiyyəti manipulyasiyaya son qoymalıdır. Sərhədlərimiz daxilində olan bütün ərazilərimizdə Azərbaycanının suverenliyi birmənalı şəkildə təmin olunacaq. Erməni xalqı bunu dərk etməlidir".

JAM sədri qeyd edib ki, Azərbaycan ərazisində heç bir terrorçunun, o cümlədən faşist Njdenin heykəli ola bilməz: “Həmin heykəlin başına zəncir keçirib layiq olduğu yerə - zibilliyə dığırlamaq lazımdır”.