Peşəsinin vurğunu

27 Yanvar 2021 14:19 (UTC+04:00)

Dünyanı bürüyən COVİD-19 bəlasının respublikamızdan da yan keçməməsi, minlərin, onminlərin bu bəlaya mübtəla olması xalqın səhiyyəmizə, həkimlərimizə olan etimadını, inamını daha da artırdı. Gecə-gündüz bilməyən Azərbaycan həkimləri bu sonu görünməyən bəla ilə mübarizəyə qoşuldular. Ağır şəraitdə, öz həyatlarını təhlükəyə ataraq COVİD-19-a yoluxmuş xəstələri ölümün cəngindən xilas etməyə girişdilər. Bu cəbhənin önündə gedən həkimlər arasında Ruhəngiz həkim də var.

Kərimbəyli Ruhəngiz Yaşar qızı 1971-ci ildə Ağcabədi rayon Avşar kəndində sadə bir ailədə dünyaya göz açıb. Öz çalışqanlığı hasabına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə qəbul olub. Uzun tələbəlik illəri zamanında da öz çalışqanlığı ilə başqa tələbələrdən seçilən gələcəyin həkimi Ruhəngiz xanın Tibb Universitetini yaxşı qiymətlərlə 1997-ci ildə bitirmişdir.

Ruhəngiz Kərimbəyli Ağcabədi rayon Mərkəzi Xəsdəxanasında həkim reanimatoloq kimi əmək fəaliyyətinə başlamışdır. Həkim kimi savadlı olması 2013-cü ildə reanimasiya şöbəsinə şöbə müdiri təyin olunmasına səbəb olmuşdur. Ötən il ölkəmizdə COVİD-19 pandemik xəstəliyi ilə mübarizə başlayarkən Ruhəngiz həkim bu sahədə kritik vəziyyət yaranmış İmişli rayon Mərkəzi Xəstəxanasına ezam olunur. Orada vəziyyət kafiləşərkən isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında maskalı kombinizonda əsrin bəlası ilə mübarizəyə qoşulur. Ötən ilin sentyabr ayında yenidən öz əvvəlki iş yerinə qayıdan Ruhəngiz Kərimbəyli 8 saatlıq deyil, 12 saatlıq iş rejim ilə işləməyə qərar verir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında işlədiyi müddətdə Ruhəngiz həkim hər bir xəstəyə çox diqqət və qayğı ilə yanaşır. Bu həkim xanım həm də öz tələbkarlığı ilə seçilir. O, müalicə şöbəsində təmizliyə, nizam intizama çox ciddi nəzarət edir. Təkcə xəstələrin müalicəsi ilə deyil, həm də, xəstəliklərin profilaktikasına da önəm verir. Bu barədə rayonda yaşayan əhali ilə görüşlərdə pandemiyanın ardan qaldırılması işinin təşkili, sanitar-gigiyenik qaydalara əməl olunması qaydalarını onlara aşılayır. Hətta öz evlərində COVİD-19-dan müalicə alan xəstələrə də yardımçı olmağa çalışır. Öz çalışqanlığı, bacarağı sayəsində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının anistezioloq-reanimatoloq kimi fəaliyyət göstərən həkim bacımız Ruhəngiz Kərimbəyliyə onun çalışqanlığı sayəsində həyata dönmüş COVİD-19 xəstələri adından böyük təşəkkürümüzü bildiririk. Əlavə olaraq, bildirmək istərdim ki, həkimin çalışqanlığı və bacarığı rayon rəhbərliyi tərəfindən dəfələrlə qiymətləndirilmişdir.

Məhi MEHDİYEV,

Qarabağ müharibəsi əlili