"Ermənistan atdığı bu vandal addımla..." QURUM RƏSMİSİ

27 Yanvar 2021 14:22 (UTC+04:00)

“Ermənilərin Xurşidbanu Natəvanın məzarının dağıdılması, sümüklərinin talan edilməsi ilə bağlı vandal hərəkətinə iki nöqəteyi-nəzərdən baxmaq olar. Birincisi insanlıq və mədəniyyət, ikincisi isə beynəlxalq hüquq, beynəlxalq səviyyədə qəbul olunan qərarlar”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, insan, o cümlədən insanların cəmi olan cəmiyyət və bu cəmiyyətlərin meydana gətirdiyi xalqlar mədəniyyətin qurucusudurlar: "Barbarlıqla, vandallıqla mübarizə aparan xalqlar mədəniyyətə ən çox töhfə verən xalqlardır. Ömrünü bəşəriyyətin və mədəniyyətin tərəqqisinə həsr edən, həyat fəlsəfəsinin mərkəzində dayanan insan Xurşidbanu Natəvanın qəbrinin vandalca dağıdılması və hətta onun sümüklərinin aparılmasını izah etmək bir kənara qalsın, bu barədə danışmaq belə çox çətindir. İnsanlığa sığmır.

İkinci cəhətə gəldikdə, son bir əsrdə maddi və qeyr-maddi irslə bağlı beynəlxalq səviyyədə qəbul olunan qərarlara nəzər salsaq görərik ki, onlar əsasən bir məsələ üzərində dururlar. Bu məsələ “dünyada mövcud olan maddi və qeyri-maddi irsin bəşəriyyətin ortaq dəyərləri olması” prinsipidir. Ermənistanın da qoşulduğu Haaqa Konvensiyasında da, Afina, Venesiya Xartiyalarında da “bəşəriyyətin ortaq dəyərləri” vurğusu öz əksini tapıb. Ermənistan atdığı bu vandal addımla bir daha beynəlxalq qərarları pozub.

Bundan başqa ötən əsrdə mədəni irslə bağlı bu qərarlar ortaq dəyərlərə xidmət edirdisə, 21-ci əsrdən isə dünyanın bu ortaq irsinə həm də mədəniyyətlərarası dialoqun gücləndirlməsi vasitəsi kimi baxılmağa başlanıb. Yəni, bu cür dəyərlərin dağıdılması mədəniyyətlərarası dialoqa da vurulan ciddi zərbədir".