"Qələbə sayəsində tarixi torpaqlarımıza qayıdırıq"

27 Yanvar 2021 14:10 (UTC+04:00)

"44 günlük Vətən müharibəsində “dəmir yumruq” hesabına qazandığımız Qələbə sayəsində tarixi torpaqlarımıza qayıdırıq. Vətən müharibəsi işğal altında olan torpaqlarımızı sahiblərinə qaytardı. Bu müharibə nəticəsində işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Bu da onu deməyə əsas verir ki, qısa zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə, xüsusi özəlliyi ilə seçilən Şuşa şəhərinə səfər etmələri istər siyasi, istərsə də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev deyib.

Onun sözlərinə görə, ötən il noyabrin 8-i Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Bu qalibiyyət Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaq: "Ərazi bütövlüyümüzün bərpası Azərbaycanda hər zaman dövlət siyasətinin mərkəzində olub. Prezident İlham Əliyevin hakimiyyəti dövründə cəmiyyətdə mövcud olan həmrəylik daha da möhkəmləndi. Uğurlu dövlət idarəçiliyi sayəsində hər kəs vahid amal uğrunda “dəmir yumruq” kimi birləşdi".

B.Vəliyev onu da qeyd edib ki, Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi olub, Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri bərpa olundu: "39 il sonra eyni gündə Şuşaya səfəri və tarixi fotoları nümayiş etdirməsi, eyni zamanda, Şuşa şəhərindən olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin doğma şəhərlərinə qaytarılması dövlətimizin başçısının tarixi və milli-mənəvi dəyərlərimizə necə həssaslıqla yanaşmasından xəbər verir".

Təşkilat sədri onu da vurğulayıb ki, Prezident İlham Əliyev Şuşaya səfəri zamanı qeyd edib ki, ermənilər bütün abidələrimizlə yanaşı, dini ibadətgahlarımızı da vəhşicəsinə dağıdıblar. Bütün bunlar isə işğalçı Ermənistanın islamofob ölkə olmasını bir daha sübut edir. yap.org.az