Azərbaycan regional əməkdaşlığın lokomativinə çevrilib - ŞƏRH ÖZƏL

27 Yanvar 2021 13:29 (UTC+04:00)

"Azərbaycan regionda regional əməkdaşlığın lokomativinə çevrilib. Qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq edirik. Torpaqlarımızın işğaldan azad olunması regionda yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni formatlarını aktuallaşdırır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı qeyd edib ki, 5+1 formatını da mümkün hesab edirəm. Bu əməkdaşlıq formatının yaranması Ermənistanın özünü necə aparmasından asılıdır. Əgər Ermənistan özünün saxta iddialarından əl çəkərək səmimi qonşu kimi ölkəmizlə əməkdaşlıq etmək istəsə, bu, regiona davamlı sülh gətirər və 5+1 formatında yeni əməkdaşlıq imkanına nail olunar. Blokada şəraitində olan Ermənistan üçün region ölkələri ilə əməkdaşlığa hər bir platforma hava və su kimi vacibdir. Ona görə də Ermənistanın rəhbərliyi ölkəsinin yeni gələcəyinə qonşuluq münasibətlərinin inkişafını prioritet hesab etməklə öz siyasətini qurmalıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfərini Azərbaycanın qonşu ölkələri ilə dostluq və yaxın qonşuluq əlaqələrinin möhkəmlənməsinin göstəricisi hesab edirəm. "İran Azərbaycana həm dost, həm də yaxın qonşudur. Ölkələrimiz arasında siyasi, iqtisadi, tranzit və enerji sahəsində əməkdaşlıq imkanlarının perspektivdə inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İranla birgə həyata keçirdiyimiz Cənub-Şimal nəqliyyat dəhlizinin tikintisi tam başa çatmasa da, bu istiqmətdə daşınan yüklərin həcmi 20% artıb. Yeni çəkiləcək Mehri dəhlizindən istifadə edilməsində də perspektiv imkanlar böyükdür. Həm də Araz çayı üzərində yeni körpünün, su hövzələrinin və elektrik stansiyalarının tikilməsi ilə bağlı razılaşmalar imzalanıb".

A.Badamov qeyd edib ki, bu layihələrin həyata keçməsi ölkələrimiz üçün iqtisadi fayda gətirəcək: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bizə dost münasibət sərgiləyir. Ölkə başçımız cənab İlham Əliyev Vətən müharibəsində bizim yanımızda olaraq dost münasibətini bildirən ölkələrin şirkətlərini işğaldan azad olunmuş ərazilərimizdə investisiya yatırmaq üçün dəvət edib. İran da bizə dost və qonşu ölkə olduğundan ölkə başçımız İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə şirkətlərinin də həmin ərazilərimizdə quruculuq və inkişaf etdirilmə işlərində yaxından iştirak edə biləcəklərini bildirib. İran şirkətlərinin aqrar və sənaye sahələrinə investisiya yatırmaq imkanları genişdir və düşünürəm ki, yaxın gələcəkdə bu işlərin icra olunmasında iştirak edəcəyini düşünürəm. İşğaldan azad olunmuş ərazilərimiz yeni reallığa uyğun olaraq dost ölkələrimizin fəaliyyət göstərə biləcəyi yeni platforma kimi özünü təqdim edir. Bu da regionda sülhü və təhlükəsizliyi uzun müddətli və davamlı edəcəkdir".