İrəvanda uşaq girov götürüldü - Danışıqlar gedir

27 Yanvar 2021 13:05 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda bir uşaq girov götürülüb. SİA Ermənistan mediasına istinadən xəbər verir ki, bu ölkənin güc strukturlarının aparıcı rəhbər şəxsləri hadisə yerinə toplaşaraq vəziyyəti düzəltməyə çalışırlar.

Bildirilir ki, İrəvanda bir uşaq girov götürülüb və girov götürən polisə təslim olmaqdan imtina edir. Hazırda polis həmin şəxslə danışıqlar aparır.

Hadisənin yanvarın 27-də axtarışda olan bir nəfərin həbsi zamanı baş verdiyi bildirilir. Hazırda Ermənistanın Polis rəisi Vahe Qazaryan onunla danışıqlar aparmağa çalışır.

Polis rəisinin birinci müavini Aram Ovannisyan, İrəvan polisinin rəisi Sevan Köçəryan, kriminal polisin baş idarəsinin rəisi Vardan Vardanyan, həmçinin polis polkovniki Armen Vatyanın da hadisə yerində olduğu qeyd olunur.