Tarix yazan igidlərimiz – Məmmədağa Səfərov VİDEO

27 Yanvar 2021 13:26 (UTC+04:00)

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolunu tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla davam etdirir.

SİA-nın məlumatına görə, layihənin budəfəki buraxılışı Vətən savaşına qoşulan qəhrəmanımız, şəhid Məmmədağa Səfərova həsr olunub.

Məmmədağa Səfərov 1997-ci il mayın 10-da Bakı şəhərində anadan olub. Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Məmmədağa Səfərov 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alıb. Təhsilin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini bildirib.

2019-cu il oktyabrın 8-də əsgəri xidmətə – Qusar rayonuna yollanıb. Sonra isə Ağcabədi, Cəbrayıl, Füzuli rayonlarının alınmasında iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən Məmmədağa şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Məmmədağa Səfərovun anası Rəna xanım tərəfindən kitabxanaya təqdim edilən fotolar və şəhidin həyatı haqqında məlumatlar videoçarx şəklində hazırlanıb.

Qeyd edək ki, şəhid Məmmədağa Səfərov ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimizin adı təhsil aldığı Türkiyənin Balıkəsir Universitetində də əbədiləşdirilib.

https://www.instagram.com/tv/CKetuvGBOWX/?igshid=yyv1efyfkdpt