Ermənistan sərhədlərinin qorunması Rusiyaya tapşırılmalıdır

27 Yanvar 2021 12:33 (UTC+04:00)

Xatırladaq ki, Ermənistanda hər ilin 28 yanvarı ordu günü kimi qeyd edilir. Bəli, “müzəffər və məğlubedilməz” erməni ordusu günü. Təbii ki, tarixə baş vursaq, erməni saxtakarlığının kökünü qədimlərdə axtapmış olacağıq. Sirr deyil ki, əli qələm tutan əksər ermənilər yalan dolu tarix yaratmağa çalışıblar. Elə onların erməni ordusu barədə dedikləri bu qəbildən idi ki, artıq tarixin zibilliyinə atıldı. Maraqlıdır, ermənilərin dünənə qədər “müzəffər, məğlubedilməz” ordu kimi təqdim etdikləri erməni ordusu ilə bağlı, görən bu gün ermənilərin özləri nə düşünürlər.

SİA erməni hərbi-siyasi analitik Ayk Naqapetyanın yerli KİV-lərə verdiyi açıqlamasına diqqət çəkib: “Məğlub olan bir ordumuz var - istər hərbi texnika ilə təchiz olunma baxımından, istərsə də heyətindəki bir sıra dəyişikliklər baxımından”. Əslində, bu, etirafdır. Dünənə qədər özündənrazı, müşdəbeh bir xalq nümayəndəsinin, “güclü erməni ordusu” təbliğatçısının etirafı.

Amma bu gün erməni ordusunun, hətta dövlət sərhədlərini belə qorumaq iqtidarında belə olmadığını gizlətməyən Naqapetyan bütün baş verənlərin günahkarı kimi, yenə də erməni səlahiyyətlilərini görür. Onun fikrincə, bu gün ölkəsinin bütün sahələrində, hətta sosial sahəsində belə tam bir xaos hökm sürməkdədir. Naqapetyana görə, hazırda Ermənistanda gerçəklik insanlara təhrif olunmuş şəkildə təqdim olunur: “... Ölkədə gələcəyə inamsızlıq yenidən baş qaldırmaqdadır. Məncə, bu gün Ermənistanda yaşayanların əksəriyyəti ölkədən qaçmaq üçün imkan axtarırlar. Təbii ki, koronaviruzla bağlı sərhədlərin qapalı saxlanılması, hələ ki, buna imkan vermir. Amma mən sərhədlərin açılacağı təqdirdə ermənilərin yenidən ölkədən köç edəcəklərini elə də istisna etmirəm.”

Bir müddət bundan əvvəl Azərbaycan rəhbərinin Zəngəzur, Sevan və İrəvanın əzəli Azərbaycanın ərazisi olduğunu söyləyərkən, Ermənistanda çoxlarının bunu yüngül və qaşqabaqla qəbul etdiklərini xatırladan erməni ekspert bu gün bu torpaqların geri alına bilməsini də istisna etmir. Ona görə də Naqapetyan Ermənistanın bütün sərhədlərinin qorunmasını hərbi-siyasi müttəfiqi Rusiyaya həvalə etməyi və ölkədə daha bir neçə yeni rus hərbi bazasının yaradılmasını təklif edir.

Ağasəf Babayev