30-dan çox nümayişçi saxlanılıb Hollandiyada

27 Yanvar 2021 11:02 (UTC+04:00)

Hollandiyadakı etiraz nümayişlərində iştirak edənlərdən 30 nəfərdən çoxu saxlanılıb. SİA xəbər verir ki, bu barədə yerli mediaya istinadən “Dutch News” məlumat yayıb.

Məlumata görə, Holland polisi çərşənbə axşamı mitinqlərdə iştirak edən 33 nəfəri saxlayıb.
Hollandiyanın “NOS” yayım şirkətinin qeyd etdiyi kimi, Rotterdamda əsasən qanunsuz toplaşdıqları və şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməkdən imtina etdikləri üçün 33 nəfər nəzarətə alınıb. Amsterdamın rayonlarından birində polis atəşfəşanlıq edən bir qrup gəncin də toplantısını dağıtmağı bacarıb. Yerli medianın məlumatına əsasən, digər şəhərlərdə gənclərdən ibarər qruplar da təlimat aldıqdan sonra dağılışıblar.
Xatırladılır ki, COVID-19-a qoyulan məhdudlaşdırıcı tədbirlərə və komendant saatı tətbiq edilməsinə qarşı kütləvi etirazlar əvvəllər Hollandiyanın bir sıra şəhərlərində müşahidə edilib. Yerli medianın verdiyi məlumata görə, bazar ertəsi gecəsi hüquq-mühafizə orqanlarının əməkdaşları Haarlem və Rotterdamdakı nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd olunur ki, bu ölkədə 23 yanvar tarixindən etibarən saat 21.00-dan 04.30-a qədər komendant saatı tətbiq olunur. Bildirilir ki, heç bir səbəb olmadan kütləvi şəkildə küçələrdə toplaşmaq qadağan edilib. Qaydanı pozanlar 95 avro cərimə ilə üzləşirlər.
Diqqətə çatdıraq ki, bundan əvvəl, Hollandiya, 15 dekabrdan tətbiq olunan, demək olar ki, tam şəkildə qapanma 9 Fevrala qədər uzadılıb. Ölkədəki qida və zəruri malların satışı istisna olmaqla bütün mağazalar bağlıdır. Həm də restoran və kafelər, muzeylər və teatrlar, əyləncə parkları və heyvanat parkları, kazinolar və saunalar, hovuzlar, idman obyektləri, qida xidməti məntəqələri, bərbərxanalar, gözəllik salonları bağlanıb. 16 dekabrdan etibarən məktəblər və universitetlər daxil olmaqla bütün təhsil müəssisələri məsafədən iş rejiminə keçirilib.