Xocavənddən bizə baxan cəllad Njde: biz nə etməliyik? ANALİTİK+FOTOLAR

27 Yanvar 2021 10:50 (UTC+04:00)

Qarabağın sülhə hazır olması üçün üçtərəfli bəyanat əsasında oraya yerləşmiş Rusiya sülhməramlıları gündə bir neçə dəfə faşist Njdenin abidəsi qarşısından keçib-gedirlər

Qəbul olunmuş üçtərəfli bəyanatdakı müddəalara və razılaşmalara baxmayaraq, Qarabağda - Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərimizdə erməni özbaşınalıqları davam edir. SİA xəbər verir ki, qondarma və quldur “DQR” rejimi hələ də “dövlət” və “güc” strukturları yaradır, özünü “prezident” elan etmiş və axtarışda olan Araik Arutunyan həyasız və sərsəm bəyanatları ilə Azərbaycan xalqında hiddət və qıcıq yaradan çıxışlarını separatçı və terrorçu maraqlarını təbliğ edir.

Erməni terrorçusunun heykəli sentyabr ayından Xocavənddə qalmaqda davam edir

Digər tərəfdən, sözüegən ərazilərdimizdə milli-mədəni və tarixi abidələrimizi dağıdan, tarixi şəxsiyyətlərimizin məzarlarını məhv edərək yer üzündən silən erməni vandalları bu da azmış kimi, dədə-baba torpaqlarımızda erməni faşisti və terrorçusu, erməniləri türklərə qarşı hər gün mübarizə aparmağı vəsiyyət etmiş Qaregin Njdenin abidəsini ucaldırlar. Artıq Xocavənddə həmin abidə mövcuddur. Belə ki, erməni mediasının da yaydığı məlumata görə, Xocavənddə erməni terrorçu Qaregin Ter-Arutyunyanın (Njde) heykəli ikinci Qarabağ müharibəsinə bir neçə ay qalmış - 18 may 2020-ci ildə "Ferzit" inşaat şirkətinin rəhbəri Artur Xaçatryan tərəfindən qoyulub. Heykəl sentyabr ayında tamamilə başa çatdırılıb və pyedestala yerləşdirilib. Lakin müharibə səbəbi ilə heykəlin təntənəli açılış mərasimi təxirə salınıb və heç vaxt keçirilməyib. Yəni erməni terrorçusunun heykəli sentyabr ayından Xocavənddə qalmaqda davam edir.

Cəlladın heykəlini məhv etmək Qarabağ torpaqlarının əzəli sahiblərinin öhdəsinə düşür!

Lakin maraqlı məqamlardan biri də budur ki, İrəvanda Hitler faşizminə işləmiş Njdeyə abidə ucaldılarkən, Rusiyanın ictimai-siyasi dairələri həmin məsələyə etiraz etmiş, media və TV-lərdə bunun yolverilməz olduğunu, faşizmin təbliğatı olması barədə informasiyalar yer almışdı.

Bu gün isə, Qarabağın sülhə hazır olması üçün üçtərəfli bəyanat əsasında oraya yerləşmiş Rusiya sülhməramlıları gündə bir neçə dəfə faşist Njdenin abidəsi qarşısından keçib-gedirlər. Halbuki, nəinki türklərin, eləcə də digər millətlərin, habelə milyonlarla rusların ölümlərinə səbəb olan Hitler Almaniyasının nökəri Njdenin abidəsinin sökülməsi ilə bağlı, ilk növbədə, rus sülhməramlıları addım atmalı idilər. Yox, əgər onlar bunu hansısa səbəblərdən edə bilmirlərsə, yaxud etməyə gücləri çatmırsa, bu qaniçən cəlladın heykəlini məhv etmək Qarabağ torpaqlarının əzəli sahiblərinin öhdəsinə düşür.

Njde deyib: “Türklə mübarizə aparılmayan bir gün belə olmamalıdır”

Yeri gəlmişkən, bu gün ermənilər Njdenin vəsiyyətini aşıq-aşkar öz media platformalarında da işıqlandırır, onu şüara çevirirlər. Təkcə ermənilərin yerkramas.org saytının ana səhifəsinə nəzər salarkən, biz orada erməni faşistinin kəlamının yer aldığını görmüş olarıq. Həmin kəlamda deyilir: “Türklə mübarizə aparılmayan bir gün belə olmamalıdır”...

Biz isə ümid edirik - hələ də Qarabağda qalmış terrorçu və separatçı tör-töküntülərin birdəfəlik rədd edilmələri ilə yanaşı, cəllad-qaniçən Njdenin heykəlinin də məhv edilməsi prosesi qısa zamanda icra olunmalıdır. Əks halda, mənfur düşmənin ayağı yer almaqda davam edəcək, hansı ki, bu ayaqları oradan kəsmək, yığışdırmaq bizlərin mənəvi, hüquqi və millət borcumuzdur və bu fakta etinasız yanaşmağa bizlərdən heç kimin mənəvi hüququ yoxdur!

Rövşən RƏSULOV

P.S. Nitsşe deyib: böyük problemlər kiçik etinasızlıqlardan başlayır...