Türkiyənin Aİ ilə yaxınlaşması Rusiya ilə əlaqələri zədələməyəcək - ANALİZ

26 Yanvar 2021 15:54 (UTC+04:00)

"Türkiyənin regionda rolu artdığına görə Avropa İttifaqının bu ölkə ilə münasibətləri keyfiyyət baxımından yaxşılaşır. Türkiyə 1987-ci ildən Aİ-yə üzv olmağa çalışır. Bu illər ərzində ölkədə bir sıra islahatlar keçirilib. Ölkə qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılıb. Ordunun siyasi fəaliyyətə müdaxiləsi aradan qaldırılıb". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq, Türkiyə Avropa İttifaqına qəbul edilmədi: "Ancaq son illər Türkiyənin regional dövlət olaraq artan gücü, NATO-da ABŞ-dan sonra ən güclü orduya malik olması, Yaxın Şərqdə artan rolu bu ölkənin önəmini artırır. Üstəlik, Türkiyənin iqtisadi gücü də artır. Suriyadan 3,5 milyon nəfər qaçqın düşərək Türkiyədə məskunlaşıb. Türkiyə onların Aİ-yə keçməsinə imkan verməyərək, bütün ağırlığı öz üzərinə götürüb. Hansı ki, onlar Avropaya üz tutsalar, Avropa bir sıra problemlərlə üzləşəcək. Ancaq məsələ ondadır ki, belə vəziyyət sonsuza qədər davam edə bilməz".

E.Manafov vurğulayıb ki, bütün bunları nəzərə alan Aİ Türkiyəni itirmək istəmir: "Hesab edirəm ki, danışıqlarda müşahidə edilən müsbət meyllər bundan irəli gəlir. Baydenə gəldikdə isə, o, NATO-nun rolunu artırmağa çalışacaq. Çünki Trampın prezidentliyi dövründə hərbi alyansa diqqət azaldı. NATO-nun rolunun artırılması isə Türkiyəsiz mümkün deyil. Fikrimcə, bütün bunlar arasında müəyyən əlaqə var. Aİ-yə üzvlük danışıqlarının fəallaşmasının Türkiyə-Rusiya münasibətlərinin gələcəyinə təsirinə gəldikdə isə, burada narahatlıq doğuracaq ciddi məqam görmürəm. Ona görə ki, Rusiya Türkiyə ilə Suriyada, Cənubi Qafqazda, Liviyada bir sıra məsələlərdə əməkdaşlıq edir. İki ölkə arasında böyük iqtisadi əlaqələr var. O baxımdan düşünmürəm ki, Aİ ilə yaxınlaşma Rusiya ilə əlaqələri zədələsin".