Biz istedadlı gənclərimizin Azərbaycanda fəaliyyət göstərsinə şərait yaratmalıyıq Prezident

26 Yanvar 2021 14:25 (UTC+04:00)

Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq".