Erməni fonduna hücum olub Fransada

26 Yanvar 2021 11:06 (UTC+04:00)

Marseldəki Erməni Mədəniyyət Fonduna hücum edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Qarabağ müharibəsi dövründə bu mərkəz Marseldən və Fransanın cənubundan Ermənistana humanitar yardım göndərmə işini koordinasiya edib.
Məlumatda qeyd olunur ki, Marseldə naməlum şəxslər "Müqəddəs Sahak və Müqəddəs Mesrop" mədəniyyət mərkəzinə atəş açıblar. “Armenian Today” -in verdiyi məlumata görə isə, hadisə bazar günü axşam saat 18:40-da baş verib. Xəsarət alan və yaralanan yoxdur.
“Bu, ən simvolik erməni mərkəzlərindən biridir. Burada hər həftə 250-dən çox uşaq təhsil alır. Narahatlığım həddən artıqdır. Əminəm ki, dövlət daha da təhlükəsiz işə zəmanət verər”, deyə Abovyan məktəbinin rəhbəri Karen Xurşudyan narahatlığını, qorxusunu gizlədə bilməyib.
Qeyd edilir ki, hadisədən sonra polis hadisə yerinə baxış keçirib və piyano dərsi keçirilən ikinci mərtəbədəki pəncərədə bir güllə dəliyi aşkar edilib. Bildilir ki, “Müqəddəs Sahak və Müqəddəs Mesrop” mədəniyyət mərkəzi, erməni təşkilatlarının Koordinasiya Komitəsinin qərargahıdır və Qarabağ müharibəsi zamanı o, Marseldən və Fransanın cənubundan Ermənistana humanitar yardımların göndərilməsini koordinasiya edib.
Xatırladılır ki, bənzər hadisələr əvvəllər Berlin, San Francisco, Paris və Dessində də baş verib.