“7 məhkum Azərbaycana ekstradisiya olunub" – Adil Əbilov

25 Yanvar 2021 14:35 (UTC+04:00)

“Bu günə qədər sərhədlər bağlı idi, ekstradisiyaya görə problemlər yaranmışdı”. SİA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov qeyd edib.

Adil Əbilov vurğulayıb ki, ötən il 25 əcnəbi məhkum öz ölkələrinə təhvil verilib: “Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub. Ekstradisiya o deməkdir ki, hər hansı şəxs cinayət törədib başqa ölkəyə qaçıbsa, getdiyi ölkə müəyyən edilir və orada həbs olunaraq təhvil verilir. Bu günə qədər sərhədlər bağlı idi, ekstradisiyaya görə problemlər yaranmışdı. Çünki orijinal məhkəmə sənədləri daxil olmalı idi. Buna görə bir sıra tərəfdaşlarla məsləhətləşmələr aparılıb, elektron sənədləri icraya götürməyi xahiş etmişik. Bunun nəticəsində Azərbaycanda olan 6 xarici vətəndaş da digər ölkələrə ekstradisiya edilib”.