“Tarix yazan igidlərimiz”

25 Yanvar 2021 12:46 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqına zəfər sevincini bəxş edən, 30 il ərzində axan qanların intiqamını alan igid qəhrəman oğulları tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, kitabxana tərəfindən hazırlanan növbəti videoçarx zəfərlə nəticələnən bu müharibədə Vətənə bağlılığını və onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu qəhrəmanlığı ilə nümayiş etdirərək şəhidlik zirvəsinə ucalan leytenant Nicat Atayevə həsr edilib. Şəhidin əziz xatirəsi üçün hazır edilmiş videoçarxda onun həyatı haqqında ümumi informasiya, hərbi fəaliyyəti ilə bağlı fotolar və yaxınları tərəfindən təqdim olunmuş videolentlər əks olunub.

Şəhid Nicat Atayev 5 mart 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2011-ci ildə orta məktəb təhsilini başa vurduqdan sonra hərbi xidmətini Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə yerinə yetirib. Nicat Atayev hərbi xidmətini bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Fiziki hazırlıq fakültəsinə qəbul olunub. Universiteti bitirdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət edib, 2019-cu ildə 3 aylıq zabitlik kursuna gedib və təyinatı Füzuli rayonunun N saylı hərbi hissəsinə verilib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edən Nicat Atayev döyüş meydanında qorxu bilmədən, qəhrəmancasına vuruşub. O, Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhidlik zirvəsinə ucalıb və II Fəxri xiyabanda dəfn olunub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra Nicat Atayev “Vətən uğrunda” ,"Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.