Sülh və əməkdaşlıq strategiyası ölkəmizin uğurlu inkişafını sürətləndirən amillərdəndir - ŞƏRH ÖZƏL

25 Yanvar 2021 10:43 (UTC+04:00)

"21 Yanvar 2021-ci il tarixində paytaxt Aşqabad şəhərində Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz sənayesi sahəsindəki növbəti tarixi nailiyyətlərindən biridir. Eyni zamanda, Azərbaycanın Xəzər dənizində dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq strategiyası ölkəmizin uğurlu inkişafını sürətləndirən amillərdəndir. Yatağın "Dostluq" adlandırılması isə iki ölkə arasında qardaşlığın, dostluğun, qarşılıqlı münasibətlərin və tarixi ənənələrimizə söykənməsinin bariz nümunəsidir. Həmçinin, müasir Azərbaycanın qurucusu və memarı-Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi böyük layihələrdən biri olan “Əsrin Müqaviləsi” və “Şahdəniz” yatağı Xəzərin hüquqi statusuna dair konvensiyadan sonra Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə imzalanan saziş əməkdaşlıq sahəsindəki yeni mərhələlərdən biri kimi hesab edilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, “Dostluq” yatağı ilk dəfə 1989-cu ildə Sovet dövründə Azərbaycan neftçiləri tərəfindən dörd kilometrlik layda kəşf olunub və bu yataq Azərbaycan neftçiləri tərəfindən Kəpəz, Türkmənistan neftçiləri tərəfindən isə Sərdar yatağı adlandırılıb: "Ona görə ki, həmin zamanlarda “Dostluq” yatağı iki ölkə arasındankı dəniz sərhədlərinin tam mərkəzində yerləşirdi. Məhz bu səbəbdən uzun illər yatağın istismarı mümkün olmayıb və ölkələr arasındakı danışıqlar prosesi indiyədək davam edib. Sevindirici haldır ki, nəticə etibarilə artıq yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl, əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsi ilə daşınacaqdır. Xüsusilə, qeyd etmək olar ki, bu anlaşma memorandumu neft və qaz ixracatçısı olan Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıracaqdır. İlk dəyərləndirmələri nəzərə alaraq söyləmək olar ki, bu yataqda 50 milyon tondan çox çıxarıla bilən neft ehiyatlarının və 30 milyard kubmetrdən çox təbii qaz ehtiyatlarının olması, ölkəmiz üçün prioritet istiqamətlərdən olan neft hasilatının stabilliyi və təbii qaz hasilatının artırılması işinə öz müsbət təsirini göstərəcək və əlamətdar hadisə kimi qeyd etmək olar ki, ilk dəfədir iki ölkə Xəzər dənizində ortaq enerji layihəsi icra edəcəkdir".

İ. Məmmədov vurğulayıb ki, bu günə qədər Ölkə Prezidenti cənab İlham Əliyev və Türkmənistan Respublikasının Prezidenti arasındakı ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb: "Ölkəmizdə bu kimi bütün yüksək səviyyəli layihələr dövlətimizin başçısı cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində həyata keçirilir. Razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq dənizi olmasını təsdiqləyir və möhkəmləndirir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının Zirvə toplantısından öncə bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasındakı geniş əməkdaşlığın nümunəsidir. Eyni ilə dövlətlərimiz arasındakı razılaşma Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitini gücləndirməyə xidmət edəcəkdir. Bu gün bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Həmin ölkələr nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. Ölkələrimizdə hasil edilən neft və qaz demək olar ki, dünya enerji bazarında da həlledici təsirə malikdir. Tam əminliklə söyləyə bilərəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın uğurlu inkişafı naminə həyata keçirdiyi müdrik və güclü siyasət, vətəndaşlarımızın bu gün olduğu kimi gələcəkdə də xoşbəxt, firavan və rifah halında yaşaması üçün böyük zəmanət yaradıb".