İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur - Məhəmməd Cavad Zərif

24 Yanvar 2021 23:39 (UTC+04:00)

İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib. O bildirib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.

Nazir nəzərə çatdırıb ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

M.C. Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunacaq.