“Fənərbaxça” Mesut Özilin transferini rəsmən açıqlayıb

24 Yanvar 2021 21:24 (UTC+04:00)

Türkiyənin “Fənərbaxça” klubu İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Mesut Özilin transferini rəsmən açıqlayıb.

SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türk əsilli almaniyalı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. “Fənərbaxça” Özilin transferinə görə heç bir təzminat ödənilməyəcəyini bəyan edib.

Eyni zamanda “Arsenal” da 32 yaşlı futbolçunun klubdan ayrıldığını rəsmi saytı vasitəsilə açıqlayıb, Özilə xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Peşəkar karyerasına “Şalke”də başlayan, daha sonra “Verder” və “Real”da da oynayan Mesut Özil, 2013-cü ildən “Arsenal”ın uğurları üçün çalışsa da, London klubunda bu mövsüm ona forma şansı verilmirdi. Yarımmüdafiəçi Almaniya yığmasında 90-dan çox oyun keçirib.