Türkiyə şirkəti Dnepr çayı üzərində körpünün tikintisi üzrə hərracın qalibi olub

23 Yanvar 2021 08:17 (UTC+04:00)
Türkiyənin "Doğuş İnşaat ve Ticaret A.Ş." şirkəti Ukraynada Kremençuk körpüsünün tikintisi üzrə hərracın qalibi olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi ("Ukravtodor") məlumat yayıb. "Layihələndirmədə həm müasir qlobal yanaşmaları, həm inşaat sahəsini, həm də yerli istehsalçıların tələbatını nəzərə alan Kremençuk körpüsü nümunəvi layihə olmalıdır. Körpünün inşasında əsasən (95 faiz) Ukraynada istehsal edilən materiallardan istifadə olunacaq", - deyə "Ukravtodor"un rəhbəri Aleksandr Kubrakov bildirib. Yeni körpü Dneprin sağ sahilində Н-08 yolu, sol sahilində isə Kremençukun hazırki küçə şəbəkəsi ilə birləşəcək. Bu hissələrdə nəqliyyat qovşağının müxtəlif səviyyələrdə tikintisi nəzərdə tutulur. Tikililərin ümumi uzunluğu 3 kilometrdən çox olacaq. Kremençukda Dneprin iki sahilini Rusiya imperiyası dövründə inşa edilmiş Kryukov körpüsü birləşdirir. Sözügedən körpüdə sonuncu dəfə genişmiqyaslı bərpa işləri 1949-cu ildə aparılıb. Hazırda həmin körpü qəzalı vəziyyətdədir.