Qarabağ: Sosial-iqtisadi inkişaf pespektivləri nə vəd edir? – ANALİZ

22 Yanvar 2021 17:05 (UTC+04:00)

“Torpağı əkib becərməsən, qorumağa dəyməz, torpağı qorumursansa, əkib becərməyə dəyməz”

Qarabağın azad olunması ölkəmiz üçün çox böyük tarixi nailiyyət olmaqla yanaşı, həm də böyük fayda verəcək bir hadisədir. Azərbaycanın 20 faizini təşkil edən bu 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur. Erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək. Buradan əldə edilən gəlirlər ilk növbədə Qarabağın bərpası və yenidənqurması üçün, daha sonra isə ölkəmizin inkişafına böyük töhfə verəcək.

Qarabağ sərvətlərinin talanmasına son qoyuldu

Hələ müharibə yeni bitdiyi günlərdə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan işğal altındakı Azərbaycan torpaqlarında yağmalama ilə məşğul olduqlarını etiraf etmişdi. O bildirmişdi ki, müharibəyə qədər Qarabağda təxminən 100 min ton buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi. İndi isə həm taxıl sahələri, həm də su elektrik stansiyaları Azərbaycanın nəzarətinə keçib.

Bu açıqlama Ermənistanın illərdir Azərbaycan ərazilərindəki zənginlikləri talamasının daha bir sübutudur. Baqratyan hələ onu deməyib ki, Ermənistan Kəlbəcərin və Zəngilanın yeraltı sərvətlərindən milyonlarla və bəlkə də milyardlarla dollar əldə edib.

Ümumiyyətlə, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yerüstü və yeraltı təbii sərvətlərimizi talan etməsinə dair çoxsaylı faktlar və bu cür etiraflar var. Azərbaycan Ordusunun Qarabağı işğaldan və terrorçulardan azad etməsi nəticəsində bu cinayətə və talançılığa son qoyuldu.

Bəzi qanunsuz talanlarla bağlı Azərbaycan prokurorluğunda cinayət işləri açılıb. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Lakin indiyədək heç bir reaksiya verilməyib. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı var idi və 30 il ərzində Ermənistan bunları istismar edib. Bölgədə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.

Bundan əlavə, meşələrin qırılaraq satılması, su mənbələrinin vəhşicəsinə istismarı, həmin ərazilərdə narkotika plantasiyaları salınması kimi cinayət işləri də beynəlxalq məhkəmədə qaldırılmalıdır. Aran Qarabağda böyük taxıl əkinləri var idi ki, bu taxıl Ermənistana daşınırdı. İndi bu mümkün olmayacaq.

Ermənistan 300 milyardlıq təzminat iddiası qarşısında

Prezidentin tapşırığına əsasən vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndiriləcək Bəzi məlumatlara görə, söhbət ən azı 300 milyard dollarlıq təzminat tələbindən gedir. Belə ki, təxmini hesablamalara görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər 200 milyard dollara bərabərdir.

30 ildə əldə edə biləcəyimiz gəlirlər də nəzərə alınarsa, bu zərər 300 milyard dollara yaxın olar. Biz bu qədər vəsaitlə dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik. Bundan başqa Qarabağ münaqişəsinin həllinə yönələn siyasi diplomatik məsələlərə, hərbi gücümüzün artırılmasına yönələn xərclərə də 10 milyard dollarlarla vəsait xərclənib.

Bundan başqa, bu prosesdə iştirak edən xarici şirkətlərin və vətəndaşların da məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Yaxın günlərdə azadetmə əməliyyatı başa çatacaq və bütün torpaqlarımızın yerüstü sərvətləri kimi, yeraltı sərvətləri də öz həqiqi sahibinə - Azərbaycan xalqına və dövlətinə qayıdacaq.

Qarabağ ən güclü iqtisadi zonalarımızdan birinə çevriləcək

İşğal altında olan ərazilərimizdə iqtisadi inkişaf təmin ediləcəyi təqdirdə Qarabağ regionu ölkəyə verdiyi faydaya görə regionlarımız arasında 2-ci mövqeyə sahib olacaq. Həmin ərazilərimizin həm iqlim, həm təbii sərvətlər, həm torpaq fondu cəhətdən Azərbaycanın ən yaxşı bölgəsi sayılır. Ərazinin çox böyük aqrar, turizm potensialı var. Sovet dövründə burada yüngül sənaye, turizm, tərəvəzçilik, üzümçülük, taxılçılıq inkişaf etmişdi. Heyvandalıq üçün də böyük potensial var.

Bundan başqa Qarabağda dərman sənayesi üçün lazım olan faydalı bitkilər yetişir. Bunun sayəsində orda dərman fabriki açmaq və təbii yolla alınan dərmanlar istehsal etmək olar.

Bu ərazilər ölkənin qeyri-neft sektorunda böyük paya malik olacaq. Ərazidə böyük həcmli faydalı qazıntı imkanları var. Qısa bir müddətdə- 1-2 il müddətində ərazilərə investisiyalar yönəltməklə sosial-iqtisadi infrastruktur qura bilərik.

Həm yerli, həm də xarici investorlar cəlb etmək olar. Oradakı yaşayış məntəqələrini bərpa etmək üçün 70-80 faiz bərpa işləri aparılmalıdır. Bunun üçün böyük bir maliyyə lazımdır. Əlbəttə, bunun üçün dövlətin müvafiq ehtiyatları var.

Bizim 50 milyard dollarlıq strateji ehtiyatlarımız var, digər çoxsaylı fondlarımız var, bundan əlavə yerli investorlarımızın böyük imkanları var, xaricdə yaşayan azərbaycanlıların investisiya qoyması üçün dövlət stimullaşdırıcı tədbirlər görəcək, güzəştlər tətbiq olunacaq. Ermənilər qeyri-qanuni olaraq, xarici şirkətlərlə- Fransa, ABŞ şirkətləri ilə müqavilə bağlayaraq Kəlbəcərdəki qızıl məntəqələrində işləyir və böyük gəlirlər əldə edirdilər. Bu mədənlər də böyük fayda deməkdir və Qarabağın bərpasında həmin mədənlərin böyük rolu olacaq.

Qarabağın məskunlaşdırılması nə vəd edir?

1 milyon nəfər məcburi köçkünün həmin ərazilərə- öz yurd-yuvasına qaytarılması da ölkəyə iqtisadi fayda gətirəcək. Həmin əhalinin ərazilərə köçürülməsi həm də digər ərazilərdəki sıxlığı azaldacaq. Ölkənin əhalisi tarazlı paylaşmış olacaq və ən münbit regionlarda yaşaması təmin ediləcək.

Qarabağda tikinti-quruculuq işlərinin aparılması məşğulluq imkanlarını da artıracaq. Aydındır ki, hökumətin Qarabağda sosial-iqtisadi infrastrukturu bərpa etməklə bağlı xüsusi hesablanmış, aydın proqramı var. Maksimum 2-3 il müddətində Qarabağda həm sosial-iqtisadi inkişaf, həm abadlıq baxımından çox böyük dəyişikliklər olacaq, bu region dövlət büdcəsinin gəlirləri, ÜDM-də olan faizinə görə 2-ci yerə malik ola biləcək.

Beləliklə, erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək.

Ermənistanın isə gəlirləri xeyli azalmış olacaq. Onsuz da iqtisadiyyatı dağılmış, defolt həddinə gəlmiş ölkə üçün bu, daha bir sarsıdıcı zərbədir. Ermənilərin yaşamasına icazə verilən ərazilərimizdə siyasi olduğu kimi, iqtisadi hakimiyyət də Azərbaycana məxsus olacaq.

Ermənistanla bu bölgənin heç bir iqtisadi bağlılığı ola bilməz. Yalnız burada yaşayan ermənilərə sosial yardımlar mümkündür. Ermənistana gedib-gələn ermənilər özləri ilə bir neçə şey aparıb gətirə biləcək. Bu da nəzarət altında olacaq.

Kommunikasiyaların açılmasından ən çox qazanan isə yenə də Azərbaycandır. Həm ölkəmizin 2 ayrı hissədə olan əraziləri birləşmiş olur, həm də Türkiyə və Avropaya alternativ birbaşa yol əldə olunur.

Göründüyü kimi, Qarabağın azad olunması Azərbaycan üçün yeni iqtisadi gəlirlər və siyasi nüfuz, Ermənistan üçün isə böhran və çöküş gətirir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb