Xalq artisti Murad Hüseynov Çin mətbuatında geniş işıqlandırılıb

22 Yanvar 2021 13:05 (UTC+04:00)

Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovun XXI “Pekində görüş” Beynəlxalq Festivalında iştirakı Çin mətbuatında geniş işıqlandırılıb. Beynəlxalq Sənət Festivalının kataloqu azərbaycanlı sənətçi haqqında xüsusi məqalə dərc edib, Xalq artistinin festivalda iştirakı ilə bağlı videoçarx təqdim olunub.

SİA-nın məlumatına görə, Murad Hüseynov festivalda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək. Bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq. Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşır.

Festivalın təşkilat komitəsinin yaydığı məlumatda bildirilib ki, Xalq artistinin çıxışı 29 yanvar-4 fevral tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, "Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" festivalında 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq. Festivalın rəsmi saytında bildirilir ki, bunların arasında 31 onlayn şou və 11 teatr tamaşası olacaq. Festival ayrıca Qış Olimpiya mövzulu bir sıra mədəni fəaliyyətləri, altı sənət sərgisini və sənət forumlarını da əhatə edəcək.