Bayden İranı Türkiyələşdirmək istəyir Hüdayi

21 Yanvar 2021 13:33 (UTC+04:00)

Tehran Universitetinin müəllimi Hüdayi ABŞ-ın 46-cı prezidenti kimi artıq fəaliyyətə başlayan Co Baydenin dünənki açıqlamasını şərh edərək bildirib ki, Vaşinqton İranın Türkiyə modelli bir ölkə kimi dünyaya inteqrasiya olunmasını hədəfləyir. SİA-nın Anadolu Agentliyinə (AA) istinadən verdiyi məlumata görə, doktor İsfendyar Hüdayi İran-ABŞ münasibətləri tarixində ən gərgin əlaqələrin yaşandığı Tramp hakimiyyətindən sonra Baydenin daha doğru və tərəfləri qane edən addımlar atacağına ümid etdiyini bildirib..

Hüdayi əlavə edib ki, Trampın İranı dünyadan təcridetmə siyasətinə qarşı Bayden əksinə, Tehranla münasibətləri normallaşdırmaq və Türkiyə modelli bir ölkə kimi dünyaya inteqrasiya etmək fikrindədir. Baydenin idarəetmə tərzinin İran münasibətləri də daxil olmaqla ABŞ-ın son dörd ildə yürütdüyü siyasətdən xeyli fərqlənəcəyini bildirən Hüdayi, "Trampın İranı beynəlxalq aləmdən qovmaq üçün açıq səylərinə baxmayaraq, Bayden bu yolla İranı dünyaya cəlb etmək və hədəflərinə çatmaq istəyir", deyib.

İranlı mütəxəssis Baydenin ABŞ-ın keçmiş prezidenti Bill Klintonun İran siyasəti ilə Çinin dünyaya açıldığı dövrdəki siyasətinə bənzədiyini söylədi: "Bayden komandası İranın sərt metodlarla zərərsizləşdirilməsini istəmir. Əksinə, davranış dəyişikliyi ilə və fundamental dəyərlərə söykənərək bu işi görmək istəyir. Necə ki, zamanında Klinton Cini müəyyək metodlarla ABŞ-la normal əlaqələr qurmağa inandıra bilmişdi.

Hüdayi fikirlərini belə tamamlayıb: "Bəziləri Xomeyninin fikirlərinə istinad edib ABŞ-ı böyük bir şeytan kimi qələmə verir. Lakin bəziləri üçün Çin və Rusiya da daxil olmaqla bütün müstəmləkə ölkələri pisdir. İran və digər mühafizəkar siyasi sistemlərə malik ölkələr mütləq ABŞ əleyhinə deyillər. İran inqilabının əsas məqsədi müstəmləkəçilik və zülmə qarşıdır. Bu səbəbdən İranın apardığı mübarizənin yalnız ABŞ və İsrailə qarşı olduğu fikri yanlışdır".