Virtual tədris təhsilimizi hara aparır? - ARAŞDIRMA

21 Yanvar 2021 13:58 (UTC+04:00)

Bu həftə Focus Media Covid-19 pandemiyasından sonra bütün dünyada geniş istifadə olunan "e-learning" yəni, virtual təhsil tətbiqetmələrini araşdırıb. E-learning "virtual təhsil" rəqəmsal platformalardan və veb saytlardan uzaqdan məlumat mübadiləsi deməkdir. Əslində, "virtual təhsil" yeni bir fenomen deyil, ancaq koronavirusdan sonra bir çox ölkədə yenidən populyarlaşıb. Bir çox şagird məktəblərə qayıtsa da, indi siniflərdə "məsafədən təhsil" dövrü başlayıb. Bir çoxumuz məktəbə gedib sinif otaqlarında dərs oxumuşuq. Ancaq Covid-19 pandemiyasından sonra təhsilə davam edən bəzi ölkələrdə şagirdlər sinifdə də məsafəli təhsil alırlar və bir çox şagird evdən virtual təhsil ilə dərslərinə davam edir. Bəs indi nə olacaq? İndi dərslər daha çox virtual təhsil vasitəsi ilə veriləcək, yoxsa şagirdlər məktəblərdə üz-üzə təhsilə davam edə biləcəklər? SİA-nın məsələ ilə əlaqədar araşdırmasını təqdim edirik.

Bəzi ölkələrdə həm sinif təhsili, həm də virtual təhsil birlikdə verilir. Bu şəkildə şagirdlər və müəllimlər yeni texnologiyaları öyrənərkən özlərini gələcəyə hazırlamaq şansına sahib olurlar.

Şagirdlərin də "virtual təhsil" haqqında fərqli fikirləri var;

Tələbə Məhəmməd Əliyev: "Düşünürəm ki, virtual təhsilin ən yaxşı tərəfi ev rahatlığında öyrənməyə davam etməkdir".

Şagird Fatimə Bayramlı: "Dostlarım üçün çox darıxıram. Düşünürəm ki, şagirdlərin çoxu pandemiyadan sonra sinif yoldaşları ilə nə vaxt görüşəcəklərini düşünürlər".

Günel Məlikzadə, şagird: "Mart ayında virtual təhsilə başladığımızda əslində bundan xoşum gəlmədi. Pandemiyanın kəskin fazasının azalması zamanı qısa bir müddət məktəbə qayıdanda bütün dostlarımı və müəllimlərimi yenidən gördüm. Düşünürəm ki, hamımız bir-birimizi görmək üçün darıxmışdıq".

Tələbə Kərimli Leyla: "Virtual təhsilin çox gözəl olduğunu düşünürəm, çünki daha az streslidir".

Dünyada Virtual təhsil şirkətləri böyük bir rəqabət içindədir:

Texnologiyadakı inkişaf sayəsində, uzaqdan virtual təhsil ticarət baxımından biznes fikrinə çevrilib. Pandemiya səbəbindən, hazırda virtual təhsil yeganə həll üsulu kimi görünür. Fərqli ölçülərdə tətbiq oluna bilər, giriş sahəsi var və çox sərfəlidir. Dünya təcrübəsində Universitetlər əvvəllər də distant təhsil olub, lakin Covid-19-dan sonra bu tətbiqə tələb xeyli artıb. Virtual təhsil bir çox yeniyetmə və gənci yeni karyera bacarıqları ilə təmin edə bilər. Görünən odur ki, distant təhsil və ənənəvi təhsil qarışığı yaxın gələcəkdə ilkin olaraq Dubayda və daha sonra isə digər bölgələrdə tətbiq olunmağa davam edəcək.

Məsələ ilə əlaqədar Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2020-ci ilin mart ayının 3-dən etibarən pandemiya səbəbindən gözlənilmədən tədris prosesi dəyişilib: "Yəni, indiyə qədər sinif otaqları və auditoriyalarda həyata keçirilən tədris məsafədən həyata keçirilməyə başlanıb. Biz 2009-cu ildə Təhsil Haqqında qanunda təhsilalma formalarından biri kimi distant təhsili nəzərdə tutsaq da, 11 il ərzində bunun hüquqi bazası, təhsilalma forması həyata keçirilməyib. Ona görə, birmənalı şəkildə biz bu prosesə hazırlıqsız şəkildə yaxalandıq. Distant təhsilin indiki vəziyyətdə təhsilalma forması kimi tətbiqi zəruridir. Postpandemiya dövründə bizim bir çox fənlərimiz var ki, onların auditoriya və siniflərdə tədrisinə ehtiyac yoxdur. Hazırda yeni təhsilalma forması ortaya çıxıb. Çünki məsafədən təhsil, təhsil xərclərini kifayət qədər azaldır. Dünya praktikasında da əlavə xərclər tövsiyyə olunan deyil".

Ekspert bildirib ki, yanlız auditoriyalarda təhsilə məcbur edən fənlər var; Riyaziyyat, Fizika, Kimya, Biyologiya və s. Yəni, laborotoriya işləri olan və ya Ali Təhsil müəssisələrində tibb ixtisaslardır ki, bu fənlər birbaşa auditoriyalarda müəllimlərin nəzarəti altında tədris edilməlidir: "Lakin humanitar fənlərin tədrisinin virtual qaydada həyata keçirilməsində hər hansı ciddi bir problem yoxdur. Lakin burada bir problemi nəzərdən qaçırmaq olmaz, o da Azərbaycanda bunun qiymətləndirmə standartlarının tətbiq edilməməsidir. Bəs bizim 11 ayda tətbiq etdiyimiz nədir? 11 ayda biz Azərbaycanda ənənəvi təhsili, yəni auditorilarda və siniflərdə tədris etməli olduğumuz dərsləri onlayn qaydada tətbiq etməyə çalışırıq. Halbuki, bizdən bu tipli fövqəladə vəziyyətlərdə alternativ dərsliklər, tədris materialları hazırlamaq tələb olunur. Bu gün biz ənənəvi dərslikləri onlayn qaydada şagirdlərə tədris etməyə çalşırıq. Çünki bizim bir dərsliyimiz var. Əgər bizim variativ dərsliyimiz olsaydı, biz həmin fövqəladə vəziyyətdə şagirdlərimizə bütün kitabları yox, yalnız zəruri informasiyaları verərdik. Bu gün şagirdlərimiz dərslərdə ona görə sıxılırlar ki, onlar həmin informasiyanı almaqda əziyyət çəkirlər".

K.Əsədov vurğulayıb ki, ölkəmizdə şagirdlərimiz üçün təhsil yalnız sinif və auditorilarda qurulub: "Bizim 4447 orta ümumtəhsil məktəblərimizdə 1,6 milyon şagird var və biz nəzərə almalıyıq ki, onların hər birinin onlayn dərs almaq üçün komputeri, planşeti, interneti yoxdur. Deməli biz alternativ səsli dərsliklər hazırlamalıyıq, həmçinin televiziyaların böyük əksəriyyətində gün ərzində dərslər tədris edilməlidir. Qeyd edim ki, əmək bazarımız da artıq buna hazırlaşır, işəgötürənlərin özləri belə imtahan proseslərini məkanlarda yox, məsafədən həyata keçirəcəklər. Məhz buna görə biz, postpandemiya dövründə yeni təhsilalmanı tətbiq edəcəyik. Azərbaycanda 11 aya yaxındır ki, ənənəvi təhsil prosesi dayanıb. BMT, UNİCEF kimi beynəlxalq təşkilatlar qeyd edir ki, tədris prosesinin uzun müddət dayandırılması çox zərərlidir. Pandemiya 2 milyard təhsil alan şəxsə mənfi təsir göstərib və bu prosesdə təxminən 600 milyon insan ümumiyyətlə təhsildən kənarda qalıb. Hesab edirəm ki, ara məsafəni gözlənilməklə, eyni zamanda azsaylı qruplarla hibrid şəkildə tədris bərpa edilməlidir. Çünki biz şagirdlərə məktəblərdə təkcə biliklər vermirik, həmçinin onları şəxsiyyət kimi formalaşdırırıq. Onların fiziki inkişafı həyata keçirilir. Onlayn qaydada şagirdlər bütün gün otaqlarda hərəkətsizdirlər. Onlar arasında canlı ünsiyyət yoxdur. Bütün bunlar məcbur edir ki, məktəblər açılsın. Bu şagirdlərimizin mənəvi və psixoloji inkişafı üçün vacibdir".