“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı” nədir? Həkim-pediatr Nərmin Əzizova

21 Yanvar 2021 13:02 (UTC+04:00)

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu, həyat boyu davam edə biləcək sosial və psixatrik problemlərə səbəb olan xəstəlikdir. Əsasən həddindən artıq hərəkətlilik, diqqət problemləri və səbirsiz olmaq kimi əlamətlərlə özünü büruzə verir.

Amerika pediatriya assosiyasının verdiyi məlumata əsasən məktəb dövründə uşaqların 3-5 %-də bu problemə rast gəlinir.Ümumi olaraq əhalinin 5-7 %-i bu problemdən əziyyət çəkir. Bu zaman uşaqlar hərəkətlərinə nəzarət və diqqət etməkdə problem yaşayırlar. “Nə eləsən də yerində dayana bilməyən”, “xəyalpərəst”, “düşünmədən hərəkət edən”, “unutqan” və sair kimi xarakterizə olunan uşaqlardır. Uşaqlarda və ya gənclərdə hiperaktivlik və diqqət çatışmazlığı sindromu təyin etmək üçün əlamətlər 7 yaşından tez başlamalı və ən azı 6 ay müşahidə edilməlidir.

Bu hal ən çox oğlanlarda müşahidə edilir. Qızlarda isə daha çox diqqət defisiti əlamətləri müşahidə edilir. Bu əlamətlər normal uşaqda gözləniləndən daha şiddətli olmalıdır. Yəni hər aktiv uşaq hiperaktiv kimi dəyərləndirilə bilməz. Həmçinin bu problem şəraitdən aslı olaraq həm məktəbdə, həm evdə və ya digər yerlərdə də özünü büruzə verməlidir.

Məsələn, məktəbdə çox sakit olan uşaq əgər evdə çox dəcəldirsə, bu, evdə valideynlə uşağın münasibətindən aslı olduğu düşünülür. Aktiv uşağın hərəkətləri uyğun, məqsədə çatmağa meyilli və davamı olan hərəkətlər toplusudur. Amma, hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlarda belə deyildir. Ailə uşağını belə izah edir: futbolda ən çox qaçan uşaq odur. Lakin, uşaq topun arxasıyca qaçmır. Mühit nə qədər qapalı, məhdudlaşdırıcı və diqqət cəmləşdiricidirsə uşaq da bir o qədər hərəkətlidir.

“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromunda olan uşaqlarda çox maraqlandıqları işlərdə (məsələn kompüter oyunlarında) diqqət defisiti müşahidə edilmir. Bu da bəzən valideynlərdə sual yaradır.
“Hiperaktivlik” sindromu və “Diqqət çatışmazlığı”nın səbəbi genetikdir. Valideynlərin və ya müəllimlərin səhvlərindən yaranmır.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromunun əlamətlərinə görə 3 qrupa bölə bilərik:
1. Hiperaktiv - İmpulsiv tip uşaqlar;
2. Diqqət çatışmazlığı olan uşaqlar;
3. Kombinə (qarışıq) tip olan uşaqlar.

Hiperaktiv - İmpulsiv tip uşaqlarda həyatın ilk dövrlərindən etibarən özünü büruzə verə bilər. Bəzi ailələr hətta bətndaxili dövrdən bu uşaqların hərəkətlərin daha çox olduğundan şikayətlənirlər.

Diqqət çatışmazlığı olan uşaqlar - ən əsas əlamət düşünmədən hərəkət etməkdir. Məsələn: söz kəsmək, sual qurtarmadan cavab vermək, topun arxasıyca küçəyə qaçmaq, ağlına gələn ilk şeyi demək kimi əlamətlər aiddir. Tam məlumatlanmamış və ya öyrənməmiş qərar qəbul etməyə çalışırlar. Nəticə etibari ilə qərarlarında və cavablarında uğursuz olurlar. Bu uşaqlarda zəka və ya ağılda heç bir problem yoxdur amma, səbr çatışmazlığına görə hər zaman problemlə üzləşə bilərlər. Hətta belə problemlə üzləşən ailələrdə hirslərinə (əsəblərinə) nəzarət etməkdə çətinlik çəkirlər. Ola bilər ki bu uşaqlar artıq kiçik yaşlarından valideynlərinin qəzəbləri ilə tez-tez üz-üzə gəlsinlər. Bu isə gələcəkdə onlarda şəxsi həyatlarında problemlərə səbəb ola bilər. Həmçinin bu uşaqlarda davranışlarının nəticələrini qiymətləndirə bilmirlər. Məsələn: növbəsini gözləyə bilmirlər, paylaşmaqda çətinlik çəkirlər, məğlub olmağı qəbul edə bilmirlər, istədikləri olmadıqda oyunu yarıda qoyub tərk edirlər və ya dalaşırlar. Bu problemlər nəticəsində get gedə dostları tərəfindən kənarlaşdırılmalara, oyunlara qəbul edilməmələrə və uşağın yalqızlaşmasına səbəb olur. Bu isə öz növbəsində uşaqda depressiv vəziyyətin ortaya çıxmasına səbəb ola bilər.

Diqqət çatışmazlığı əsasən məktəb illərində daha çox özünü büruzə verir. Bu uşaqlar sinifdə otura bilmə, diqqətini cəmləmə, qanunlara tabe olma, nizamlı olma, dostları ilə köməkləşmə və yaxşı münasibət qurma kimi vacib olan məqamlarda problemlər yaşanır. “Diqqətini topla” kimi əmrlər vermək bu uşaqlara kömək olmayacaqdır. Verilən dərsi sona çatdırmaqda əziyyət çəkirlər. Əl yazıları yaxşı olmur, imlada tez tez səhvləri olur (ya hərf qarışdırlır ya da yaddan çıxır).

“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı”nda müşahidə edilmişdir ki;

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olanlar:
• bütün məktəbi yarıda qoyanların 32- 40 %-ni təşkil edir;
• universiteti bitirmələri 5-10 % təşkil edir;
• 50-70 %-ində dostları az olur;
• 70-80 %-ində iş həyatlarında aşağı keyfiyyət görünür;
• antisosial bacarıqlarla maraqlanmaları 40-50% arasındadır;
• siqaret və zərərli vasitə istifadəsi bu problemdən əziyyət çəkənlərdə daha çox rast gəlinir;
• depresiyaya girmə faizi 20-30 % arasında dəyişir;
• şəxsiyyət pozğunluğu 18-25 % arasında rast gəlinir;
• həyatlarını təhlükəyə atmaq və həyatda səhv istiqamət alma halları çox rast gəlinir.

“Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı”nda əlamətlər hansılardır?
Aşağıda göstərilən cədvələ uyğun olaraq diaqnoz qoymaq üçün ya iki qrupdan birində və ya hər ikisində yer alan əlamətlərin ən azı 2/3-si (6-dan çox) olmalıdır. Həmçinin əlamətlər 7 yaşdan əvvəl başlamalı, minimum 6 aydan uzun müddət davam etməli və ən azı 2 müxtəlif şəraitdə yaranmalıdır.

Hiperaktivlik əlamətləri

Diqqət çatışmazlığı əlamətləri

Yerində dura bilmirlər

İşi (lahiyəni) başdan axıra kimi təqib edə bilmirlər (əmrlərə riayət etmirlər)

Oturması ehtiyac olduqda otura bilmirlər (əlini - ayağını hərəkət etdirir)

Diqqətlərini elədikləri işə və ya oyuna verə bilmirlər

Səssiz sakit oyun oynamaqda çətinlik çəkirlər

Evdə və ya məktəbdə istifadəsi üçün lazım olan əşyaları itirirlər

Yerli yersiz qaçıb dırmaşırlar

Siz onunla danışanda sanki (tam) qulaq asmırlar

Çox danışırlar

Nüansları unudurlar

Çox vaxt verilən sual qurtarmadan artıq özləri cavab verirlər

Nizamsız hərəkət edirlər

Həmişə məşğuldurlar

Uzun müddət zehni işlə məşğul olmaqdan qorxurlar və bundan uzaq dururlar

Növbəsini gözləməkdə çətinlik çəkirlər

Unutqandırlar

Hadisələr və ya danışıqlara girib yarıda kəsirlər

Maraqları tez zamanda başqa yerə istiqamətlənə bilər

Yaşa görə “Hiperaktivlik sindromu” və “Diqqət çatışmazlığı” əlamətləri dəyişirmi?

Uşaqlıq dövründən başlayıb həyatın sonrakı mərhələlərində 60-70% hallarda davam edir. İllər ərzində şəxsin həyat dövrünə görə dəyişə bilər: uşaqlıq, gənclik və böyüklük dövründə fərqli əlamətlər müşahidə edilə bilinər.

“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromu olan uşaqlarda yanaşı bu əlamətlərin görülmə ehtimalı da vardır:
• Davranış pozğunluğu;
• Depressiya;
• Psixoloji problemlər (nə isə dayanmadan düşünür və ya hər hansı bir şeyə həddindən artıq çox məna verir, qorxular, qayğılar və s.);
• İnkişaf gecikmələri (məsələn motor bacarıqlarda);
• Öyrənmədə ləngimələr (oxuma, yazma, riyazi);
• Tik problemləri;
• Gecə yerini islatma.

Diaqnoz əsasən məktəb dövrü balşadıqda qoyulur. Təbii ki, ailənin mətəbdən qabaqkı illərdə də bu barədə şikayətləri olur. Ailə daxilində bu o qədər də böyük problem yaratmasa da məktəb kimi qanunları olan, çox uşağın toplaşdığı yerlərdə bu əlamətlər gözə çarpan olur. Bu hallarda valideynlərə müəllimlərdə kömək olmalı vəziyyəti izah edəcək və yol göstərəcəkdir. Amma belə hallarda diqqətli olunmalıdır. Çünki, bəzən uşaqlarda yalnız “diqqət çatışmazlığı” əlamətləri olur. Bu xüsusən sakit uşaqlarda daha çox nəzərdən qaça bilər. Dövrümüzdə hiperaktivlik və diqqət çatışmazlığı sindromu diaqnoz qoymaq üçün xüsusi laborator və ya psixoloji test yoxdur.

“Hiperaktivlik” və “Diqqət çatışmazlığı” sindromunda müalicə tədbirləri

Burada sindroma kompleks yanaşma vacibdir.Valideynlərin maarifləndirilməsi, ailə psixoloji terapiyası, uşaqla psixiatrın məşğul olması, ətrafdakı insanların davranış dəyişimi, diqqət-bacarıqların artırılması üçün xüsusi metodlardan istifadə oluna bilinər.

Həkiminiz tərəfindən bu problemi aradan qaldırmaq üçün müxtəlif dərman preparatları (stimulantlar) təyin oluna bilinər.Hiperaktivlik və diqqət çatışmazlığı sindromunda uşaq müalicə edilmədikdə gələcəkdə hər zaman problemlərlə çox rast gəlinəcəkdir.Yəni ilk illərdə yalnız məktəb problemləri olsa da, sonrakı illərdə dostları və ailə münasibətlərində xüsusən evliliklərində də problemlər ortaya çıxır.

Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqların valideynlərinə 17 əsas məsləhət:

Uşağınızı digər uşaqlarla müqayisə etməyin və uşaqlarının bir qədər çətinlikləri olduğunu qəbul edin.
1. Qaydalar və proqram uşağınıza hazırladıqda onun yaşını və şəxsi xüsusiyyətlərini nəzərə alın. Spesifik olmasına diqqət edin və onu yazıb gözlə görə biləcəyi yerə asın.
2. Uşağınıza arada cəza versəniz belə o hər zaman sizi onun sevdiyini bilməlidir. Bu onun özünə inamını artıracaq və psixoloji inkişafına müsbət təsir edəcəkdir.
3. Uşağınızla dərs və ciddi məşğuliyyətlər xaricində də onunla vaxt keçirin.
4. Uşağınızla söhbət etdikdə göz təması qurmağa çalışın. Belə olduqda uşağınız həm qulaq asdığını və dəyərli olduğunu hiss edəckdir. Həmçinin belə olduqda uşağınız diqqətini sizə doğru cəmləməyidə çalışacaqdır.
5. Ailə hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlarda hər zaman münasibət qurmaqda çətinlik çəkir. Ona görə də ailələri səbirli olmağa dəvət edirik.
6. Mənfi xüsusiyyətləri kimi uşağınızın müsbət xüsusiyyətlərini də ona bildirin. Bu müsbət xüsusiyyətlərinə görə ona arada mükafatlandırın. Bu mükafatlar onun üçün mənalı və güclü olmalıdır.
7. Tez-tez nələr etməli olduğunu təkrarlayın. Həmişə diqqət altında olduğunu hiss etsin.
8. Çox danışıb məsləhət vermək yerinə bunu hərəkətlərinizdə də uşağa hiss etdirin.
9. Uşağınıza inanın, onun da özünə inanması çox vacibdir.
10. Hər bir uşağın fərqli xüsusiyyətləri, maraq dairəsivə və bacarıqları vardır. Bunları kəşf etmək və dəstəkləmək valideynin borcudur.
11. Uşağınızı çalışın çox yükləməyin. Onda uğursuz olma ehtimalı da artacaqdır.
12. Uşağınıza “Tənbəl, ərköyün” adları verməyin. Uşağınıza belə ifadələr demək ona mənfi təsir edəcəkdir.
13. Uşağınızın problemlərini həll etməyə çalışdıqda onunla dalaşmaq və lazımsız inadlaşmaq problemləri daha da ağırlaşdıra bilər. Bunlara yol verməməyə çalışın.
14. Hiperaktivlik və diqqət çatışmazlığı sindromu olan uşaqlar nə qədər tez müəyyənləşsələr və müalicə olunsalar bir o qədər yaxşılaşma daha çox müahidə ediləcəkdir. Bu problemdə valideyn, müəllimə və psixiatr birgə diqqətlə çalışmalıdırlar.

Nərmin Əzizova,

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
həkimi və dissertantı, Pediatriya.az saytının təsisçisi