20 yanvara görə Qorbaçov -Yazov "çetesinə" Bakıda niyə məhkəmə qurulmayıb - MÖVQE

21 Yanvar 2021 12:09 (UTC+04:00)

"BMT-nin İnsan haqları bəyannaməsi və Mülki və siyasi hüquqlar haqda ümumdünya paktına görə Azərbaycanın 20 yanvar 1990-cı il hadisələrinə beynəlxalq hüquqi -siyasi qiymət verilməsi hələlik qarşımızda dayanan və həll edilməmiş problemdir". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Sovet hakimiyyəti faşist canilərinə Nürinberqdə məhkəmə prosesi qurdu və qanuni hökmlər çıxarılmasına nail oldu: "İsrail 6 milyon yəhudinin qətlinin əsas müqəssirlərini, hətta Ayxmanı ikinci dünya müharibəsindən 10 illər sonra tapıb İsrailə gətirdi və qanuni mühakimə ilə cəzalandırdı".

A.Quliyev vurğulayıb ki, 20 yanvar faciəsinə beynəlxalq hüquqi qiymətin verilməsi üçün birinci növbədə özümüz onun tam hüquqi qiymətini verməliyik: "Siyasi qiymət verildiyi halda hələ tam hüquqi qiymətin verildiyini deyə bilmərik. Hamı bilir ki, Sovet imperiya rəhbərlərinin bugünkü Rusiya ilə heç bir məsuliyyət bağlılığı yoxdur. Belə də Qorbaçova, Yazova, Primakova, Girenkoya və digər cinayətkar "çete" üzvlərinə niyə indiyə qədər Bakıda qiyabi də olsa məhkəmə hökmünün çıxarılmadığı üzərində düşünməyə və hərəkət etməyə dəyər".