Prezident bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib - Deputat

21 Yanvar 2021 11:41 (UTC+04:00)

“Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Dövlət başçısının Qarabağla bağlı vədlərini də yerinə yetirməsinin şahidi olduq. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”. Elə Dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 14-ü həmin vədini yerinə yetirdi və Şuşa səfəri müzəffər Ali Baş Komandanın sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Bununla da, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev çıxışlarının birində ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi: “Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Lakin ulu öndər Heydər Əliyevin tədbirləri nəticəsində bu büstlər ermənilərdən pulla alınmışdı və artıq onlar Şuşadadırlar”.

“Heç şübhəsiz, milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah gözləyir.