Nağd valyutaya artan tələb müvəqqəti xarakter daşıyır MƏRKƏZİ BANK-ÖZƏL

21 Yanvar 2021 11:20 (UTC+04:00)

Son günlər valyuta bazarında qıtlıq, ələlxüsus, ölkəmizdə dollar qıtlığı barədə bir sıra mətbuat səhifələrində və eləcə də sosial şəbəkələrdə xəbərlər yayılır. Doğrudur, "qara bazarda" qanunsuz mübadilə faktı da hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb. Dolların qanunsuz şəkildə mübadiləsi ilə məşğul olan şəxsin qanunun tələbləri ilə mühakimə edildiyi barədə də ictimaiyyətə açıqlanıb. Lakin hansı əsaslar və səbəblərdən asılı olmayaraq dolların qıtlığı barədə məlumatların, xəbərlərin yayılması ictimaiyyəti maraqlandıran məsələlərdəndir. Məhz bununla əlaqədar olaraq Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən açıqlamada məsələyə aydınlıq gətirilib.

Açıqlamada qeyd olunur ki, Mərkəzi Bankın 12 yanvar tarixli press relizində də qeyd edildiyi kimi, manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında tələbi şərtləndirmişdir. Bildirilir ki, məhz bunun nəticəsində 12 yanvar tarixli valyuta hərracında tələb 142,2 mln.dollar təşkil etmişdir.

Həmçinin nəzərə çatdırılır ki, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Mərkəzi Bankın mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcəkdir.

Həmçinin diqqətə çatdırılıb ki, valyuta bazarında son günlər gedən müsbət dinamika da qeyd olunanları təsdiqləyir. Belə ki, 12 yanvar tarixli valyuta hərracında tələb 142,2 mln.dollar olduğu halda, 14 yanvar tarixli hərracda tələb 100,1 mln.dollar, 19 yanvar tarixli hərracda isə cəmi 66,4 mln.dollar təşkil etmişdir. Beləliklə də, valyuta bazarında müşahidə olunan müvəqqəti xarakterli tələb səngimişdir.

Eyni zamanda vurğulanır ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin təmin edilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.