O, əsl sülh tərəfdərı olan böyük ziyalı idi (Elegiya)

20 Yanvar 2021 23:36 (UTC+04:00)

İndiki zamanədə əsl ziyalı kimi qalmaq, yeri gələndə sözünü üzə demək və hər bir adamın dərdinə, sərinə yanmaq, bacardığın kimi hamıya kömək etmək hər insana nəsib olmur bu həyatda. Bunu yalnız böyük ziyalı bacarır.

Bax, belə əsl sülh tərəfdərı olan ziyalılardan biri idi Məmmədəli müəllim. Mən onu tanıdığım40 ildən artıq bir müddətdə belə görmüşdüm. O, heç bir adam haqqında mənfi heç nə demirdi. Hətta o adamın günahı, səhvi olsa belə. Həm də bacardığı qədər küsülüləri barışdırır və əsl ağsaqqal kimi hamıya öyüd-nəsihət verirdi.
Atalar sözlərindən, dahi insanların fikirlərindən elə ustalıqla istifadə edirdi ki, qarşısında olan adam, istəsə də, istəməsə də ona diqqətlə qulaq asıb, onun nəsihətindən özü üçün lazım olanı götürürdü… O, çox az danışırdı. Az sözlə də böyük fikirlər ifadə edirdi. Bəlkə də bu, onun riyaziyyatçı olmasından irəli gəlirdi...

Bəzi adamlar var ki, onlara puluna, böyük nəsil olmasına, vəzifəsinə görə hörmət edirlər. Amma çox az insan var ki, ona ağlına, tərbiyəsinə, bütün insanlara diqqətcil olmasına, hamının xeyrində-şərində iştirak etməsinə, hamının dərdinə şərik çıxmasına, gözəl ailə başçısı olmasına və yaxşı övladlar böyütməsinə görə hörmət edirlər. Bax, Məmmədəli müəllimdə belə insanlardan idi. O, nümunəvi ailə başçısı olmaqla, Azərbaycan dövlətinə, dövlətçiliyinə layiq, ziyalı övladlar böyütmüşdü. Onun oğlanları - Ruslan, Rövşən və Hacı yüksək səviyyəli ziyalı olmaqla, böyüyün, kiçiyin yerini biləndirlər.

Bu yəqin ki, kökdən gəlirdi. Onun atası Hacıağa kişi və nəsli də Cənub bölgəsində sayılıb-seçilən nəsillərdən biri idi.Onlar ailədə 6 qardaş və 3 bacı çox mehriban böyümüşdülər. Qardaşı Məmmədhüseyn mənim orta məktəb yoldaşım olub. Bu gün də yaxşı iqtisadçı, ziyalı kimi Masallıda sayılıb-seçilən insanlardan biridir.
Məmmədəli Hacıağa oğluMəmmədov 1946-cı ilin sentyabr ayının 14-də Masallı rayonunun Kosakül kəndində anadan olmuşdu. Bu kənd, bir vaxtlar Azərbaycanın Cənub bölgəsində olan məşhur Camu-Cəm şəhərinin yerində salınmışdı. Belə ki, eramızın əvvəllərində Viləş çayının sağ və sol sahilində olan bu şəhər zəlzələ, şiddətli döyüşlər nəticəsində dağılmış və sonralar çayın bir sahilində Kosakül və o biri sahilində Banbaşı kəndləri salınmışdı. Məmmədəli də Kosakül kənd 8 illik məktəbini bitirəndən sonra orta təhsilini həmin vaxtlar Masallının ən böyük təhsil ocağı sayılan Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbdə almışdı. Hələ məktəbdə oxuduğu illərdə riyaziyyata meyli çox olduğundan Məmmədəli Məmmədov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuş və sonra ali təhsilli riyaziyyat müəllimi kimi təyinatla Sumqayıta göndərilmişdi. O, ilk əmək fəaliyyətinə buradakı 3 nömrəli mətktəbdə başlamışdı. Sonra onu Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə göndərmişdilər. Bir müddət bu vəzifədə işləyəndən sonra Məmmədəli müəllimin təkcə yaxşı riyaziyyat müəllimi yox, həm də yaxşı təşkilatçı olduğunu görüb, onu Sumqayıt Təhsil Şöbəsinə metodist və sonra inspektor vəzifəsinə təyin etdilər. O, bu vəzifədə işlədiyi illərdə Sumqayıt məktəblərində riyaziyyat fənninin yüksək səviyyədə tədrisi üçün böyük işlər görmüşdü.

1999- cü ilin əvvəlində Sumqayıt şəhər 8 nömrəli məktəbdə əl qumbarasının partlaması nəticəsində faciə baş vermişdi. Bunun nəticəsində hətta bir neçə adam da vəfat etmişdi. Həmin vaxtı məktəb direktoru işdən uzaqlaşdırılmış və bir neçə müəllim də cəzalandırılmışdı. Elə bu vaxtı Sumqayıt şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi bu məktəbdə təlim-tərbiyəni bərpa etmək, təhsil sistemini yaxşılaşdırmaq üçün Məmmədəli Məmmədovu direktor əvəzi kimi ora göndərmişdilər O, bir il burada işlədiyi dövrdə bu məktəbdə çox böyük işlər görüb, məktəbi şəhərin ən aparıcı məktəblərindən biri etdiyinə görə Məmmədəli müəllimi məktəbə direktor təyin etmişdilər. Bu məktəb Sumqayıtın Kattej deyilən qəsəbəsəində yerləşir. Və Məmmədəli müəllimə kimi heç bir məktəb direktoru burada təhsili lazım olan səviyyədə bərpa eləyə bilmirdi. Şagirdlərin çoxu məktəbə gəlmirdilər. Təlim-tərbiyə çox zəif idi. Amma Məmmədəli müəllim bir ilin içərisində valideynlərlə apardığı böyük söhbətlərin, yüksək səbrin nəticəsində dərsə davamiyyəti bərpa etmiş və bu məktəbi bitirən şagirdlərin çoxu ali məktəblərə qəbul olmuşdular. Hətta həmin vasxtlar mən bu məktəbin işləri ilə bağlı bir neçə məqalə də yazıb, qəzetlərdə çap etdirmişdim. O vaxtlar onun yüksək səbrinə, dərin ağlına və natiqlik qabiliyyətinə hamı heyran olurdu.

O, 2011- ci ilə kimi çox böyük uğurla bu məktəbə rəhbərlik etmişdi. O vaxt Sumqayıt ziyalıları fikirləşirdilər ki, Məmmədəli Məmmədovun bu yüksək xidmətlərinə görə ona “Əməkdar müəllim” fəxri adı veriləcək. Amma onu “yaş senzinə” görə həmin ilin noyabr ayında işdən azad elədilər… Özü də təkcə onu yox, başqa 11 məktəb direktorunu və yüzdən artıq müəllimi də “yaş senzinə” görə işdən azad etdilər. Özü də elə məktəb direktorlarını - hansıları ki, onlar Sumqayıt təhsili üçün əvəzsiz işlər görmüşdülər. Bunlardan - Əməkdar müəllimlər Minarə Tahirova, Lətifə Cabbarova, Zakir Əliyev və yüksək təşkilatçı insanlar olan Məmmədəli Məmmədov, Sevil Kamilova, Əvəz Mahmud Lələdağ, Nazim Yusifov, Məzahir Əkbərov, İlham Məmmədov və başqalarının rəhbərlik etdiyi məktəblər təkcə Sumqayıtda yox, respublikada məşhur idi.

Bax, bu “yaş senzi” ilə həmin vaxtı Azərbaycan təhsilinə çox böyük zərbə vuruldu…

Axı 65 yaşında müəllimin və məktəb direktorunun böyük təcrübə toplaması və həmin təcrübəsini cavan müəllimlər, şagirdlər arasında bölüşdüyü, ömrünün ən pik nöqtəsi sayılır. Çünki hələ 30 il bundan qabaq dünyanın tanınmış psixiatrları, insan psixologiyasını dərindən öyrənən məşhur alimləri sübut eləyiblər ki, insanın ən məhsuldar iş qabiliyyətinin olduğu birinci dövr - 60 yaşından 70 yaşına qədər olan dövrü, ikinci məhsuldar dövrü 70 yaşından 80 yaşına qədər olan dövrü, üçüncü məhsuldar dövrü isə 50 yaşından 60 yaşına qədər olan dövrü sayılır. Bütün bunları bilməyən bizim yüksək rütbəli məmurlarımız 65 yaşından sonra təcrübəli müəllimləri, həkimləri, mədəniyyət, idman xadimlərini təqaüdə göndərməklə Azərbaycan dövlətinin elminə, təhsilinə, səhiyyəsinə, mədəniyyətinə və idmanına böyük zərbə vurdular. Onlar təkcə bu sahələrə yox, həm də 65 yaşından yuxarı adamlara qarşı olan bu haqsızlıqdan, onların vaxtından tez dünyalarını dəyişməsinə, infarkt, insult, şəkər, onkoloji və başqa xətəliklər tapmasına böyük rəvac verdilər… Bu da millətə qarşı soyqırımın bir növü oldu…

Əlbəttə, Məmmmədəli müəllim ona olan bu haqsızlıqdan heç vaxt şikayətlənmədi. Həmişə olduğu kimi, özünü ağayana apardı. Sumqayıt təhsili üçün əvəzsiz işlər gördüyünə görə, hamı tərəfindən sevildi və həmişə də yaxşı qarşılandı. Bir vaxtlar direktoru olduğu 8 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim heyyəti tez-tez ona zəng vurub, məsləhətlərini alırdılar…

İşdən çıxandan sonra o, özünü bütövlükdə övladlarına, nəvələrinə həsr elədi və Sumqayıtda, Masallıda keçirilən çoxlu tədbirdə yaxından iştirak elədi. Onun yaşamağa həvəsi çox böyük idi. Amma 2015-ci ilin avqust ayının 19-da həyat yoldaşı Ruhəngiz xanım dünyasını dəyişəndən sonra Məmmədəli müəllim elə bil ki, sındı. Doğrudan da düz deyirlər ki, həyat yoldaşını itirən kişilər yetim qalırlar. Onlar bu haqsızlıqla barışa bilmirlər…
Məmmmədəli müəllim də həyat yoldaşı Ruhəngiz xanımın həsrəti ilə yanvar ayının 14- də həyatının 75- ci yaşında haqq dünyasına qovuşdu…

Böyük pedaqoq, təhsil üçün əvəzsiz işlər görən Məmmədəli müəllimin yoxluğuna dözə bilməyəndlərdən biri də uzun illər dostluq etdiyi qonşusu, Azərbaycan poeziyasında əvəzsiz xidmətləri olan şair, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fəxri təqaüdçüsü, böyük ziyalı Əşrəf Veysəllidir. O, Məmmədəli Məmmədova bir şeir həsr eləyib. Mən bu elegiyanı Əşrəf Veysəllinin həmin şeiri ilə tamamlayıram:

Bu da son…Günahım varsa da, əfv et.
Bir bayatı çağır, sinəmi dağla.
Məni oğlanlarım əliylə dəfn et,
Məni nəvələrim diliylə ağla.

Harda məhəbbətlə adımı çəksən,
Orda varlığımı hiss edəcəksən.
Qəbrimin üstündə bir ağac əksən,
Ölməyən ruhumu hifz edəcəksən.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi