Şəhidlər heç vaxt unudulmayacaq - Daşkəsəndə tədbir

20 Yanvar 2021 17:28 (UTC+04:00)

Bu gün Daşkəsəndə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarını ziyarət edib, tər güllər düzüblər.

Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanında çıxış edib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi: "Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü açdı. Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Qüdrətli liderin respublikada yoxluğu kimi dərk olundu. Amma xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu.

Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi".

Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüşən icra hakimiyyətinin başçısı torpaq uğrunda canından keçən hər bir şəhidin, hər bir qazinin cəmiyyətimiz üçün nümunə olduqlarını və heç vaxt unudulmayacaqlarını bildirib. Ə.Abıyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Daşkəsən rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək, dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Daşkəsən rayon Şəhidlər xiyabanının kompleks formada müasir şəkildə abadlaşdırılması və yenidən qurulması işləri davam etdirilir. Daşkəsən rayonunun Şəhidlər xiyabanında şəhidlərimizin məzar daşlarının hazırlanması, yas mərasimlərinin təşkili və digər yardımların göstərilməsi Daşkəsən rayon İcra hakimiyyətinin daxili imkanları hesabına olunub.