7 aydan sonra meydana dönən qapıçı yeni rekorda imza atıb

21 Yanvar 2021 05:16 (UTC+04:00)

“Qalatasaray”ın qapıçısı Fernando Muslera 7 aydan sonra yaşıl meydanlara dönüb.

SİA xəbər verir ki, uruqvaylı qolkiper Super Liqanın 20-ci turu çərçivəsində evdə “Dənizlispor”a qarşı keçirdikləri və 6:1 hesablı qələbəyə sevindikləri matçda 90 dəqiqə meydanda olub.

Qarşılaşmadan öncə komandanın kapitanı Arda Turan da Musleraya gözəl jest edib. O, bu oyunda kapitanlıq sarğısını uruqvaylı oyunçuya verib.

Muslera bu oyunda həm də yeni rekorda imza atıb. Belə ki, o, Türkiyə Super Liqasında ardıcıl 10 mövsüm bir klubun heyətində meydana çıxan ilk legioner futbolçuya çevrilib.

Xatırladaq ki, 34 yaşlı futbolçu ötən mövsümün 27-ci turunda – "Rizəspor"la səfər oyununda zədələnmişdi.