Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Komissiyasının iclasından sonra İranın Yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə M.İslami Astara-Astara dəmiryolu vasitəsilə mübadilə həcminin 25% artdığını və bunun 2 ölkə arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirib.
M.İslami Tranzit məsələsinin önəmindən danışaraq bildirib ki, Azərbaycandan keçmək bizim üçün Şimal-Cənub dəhlizinin aktiv edilməsi üçün bir imkan idi və həmişə bu dəhlizdə magistral yolun fəal olmasını təkid etmişik. O əlavə edib ki, Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsini müzakirə etdik, çünki köhnə terminalın mübadilə üçün potensiyalı yoxdur: “Bu səbəbdən sərhəddə yeni bir avtomobil körpüsünün tikilməsi haqqında razılıq əldə etdik. Bu körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. Gələn ay Astarada bu haqda saziş imzalanacaq və yeni terminalın və körpünün tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək”.