YAZDIM! KÖŞƏ YAZISI

18 Yanvar 2021 18:00 (UTC+04:00)

Bir jurnalist olaraq, barəsində söhbət açacağım mövzu haqqında yazmaq etiraf edim ki, çətindir, ağırdır. Amma nə edək, zaman və çağırışlar dəyişir, həqiqətlər qeyri-həqiqətləri üstələyir, vaxtilə az-az yazılan, qabardılan problemlər indi siyasi baxışından asılı olmayan, xüsusilə də iqtidaryönlü (!) media nümayəndələri, jurnalistlər tərəfindən daha tez-tez cəmiyyətin diqqətinə çatdırılır. İlk növbədə, ölkədə ictimai nəzarət mexanizmi gücləndiriləndən və dövlət səviyyəsində dəstəklənəndən sonra. Bu mexanizmin işə salınması uğurlu gələcəyimizə olan yola kifayət qədər işıq saçmağa başlayıb.

Dövlət hər zaman mətbuatın inkişafı üçün əlindən gələni edib və edir də, buna kimsənin şübhəsi yoxdur, ola da bilməz. Lakin birini deyib, o birinə keçməklə xatırlatmaq yerinə düşərdi ki, qəzet oxuyan, sayt izləyən xalqımız arasında belə bir deyim də var: qanunlarımız ən gözəl, ən münasib, vətəndaşların tələblərinə cavab verən mütərəqqi qanunlardır, sadəcə, həmin qanunlarya ya işlək deyil, ya da yerlərdəki məmurlar bu qanunların icra olunmasını müxtəlif vasitələrlə qarşısını alırlar.

Artıq bir neçə ildir ki, ölkədə bilavasitə ölkə başçısının qətiyyətli nəzarəti, tapşırığı və qərarları ilə çoxsaylı dövlət strukturlarında islahatlar aparılır, həmçinin kadr islahatları həyata keçirilir, müxtəlif istiqamətləri əhatə edən idarəçilik fəaliyyətləri dəyişdirilir və nəhayət, həmin reallıqlar media sahəsinə də gəlib-çatdı. Ona görə ki, gözləməkdən bir çox həmkarlarımızın gözlərinin kökü saralmışdı.

Artıq ölkədə MEDİA (Medianın İnkişafı Agentliyi) təsis olundu və əvvəlki KİVDF-nin bazasında, bəli məhz bazasında, fəaliyyətində deyil...

Bu sektorun şəffaf və jurnalistlərin maraqlarına cavab verən struktur olaraq işlək bir quruma çevriləcəyinə inanmaq, dəstək göstərmək isə haqqımız və istəyimizdir. Çünki KİVDF-nin əvvəlki rəhbərliyi dövründə də bizlər çox inandıq, ümid etdik, dəstəklədik və arzuladıq ki, birbaşa dövlətin göstərdiyi etimaddan hər bir jurnalist yararlanacaq. Amma təəssüf ki, belə yararlanmaları barmaqla saymaq olar. Niyə və necəsi isə bu cürdür: götürək jurnlistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması üçün birbaşa ölkə rəhbərliyinin tapşırığı əsasında tikilərək istifadələrinə verilmiş binalardakı mənzilləri və sonradan jurnalistlərin hazırkı dövrə qədər üzləşdikləri məişət və yaşam problemlərini. Halbuki atılan bu böyük addımın dünyanın heç bir ölkəsində reallaşdırılmamasının özü bizləri çox qürurlandırdı. Mənzillərə ehtiyacı olan (!) jurnalistlərin dövlət tərəfindən mükafatlandırılmaları, hətta bu sevincin tükənməzliyini ifadə etməsinə belə çətinlik yaratdı. Daha doğrusu, mənzillə mükafatlandırılmanın hədsiz sevinc hissi onu cümlə ilə ifadə etməyə sözün əsl mənasında imkan vermirdi. Nə qədər güclü qələm ustası olsan belə. Sevinc, bayram əhval-ruhiyyəsi, əməyə verilən qiymət və s. Fəqət, bu hisslər çox az müddət çəkdi, sən demə, qarşıda görəcəklərimiz də varmış...

Nələr gördük? Ya da nələr görmədik ki? Gördük ki, mənzillər arasındakı divar boşluqları o qədər nazik və qəlibsizdir ki, yan divar qonşusu, üst və alt qonşuları asqıranda “sağlam ol həmkar!” desək, dərhal “çox sağ ol, qonşu!” cavabını rahatca eşidərsən. Şahidi oluq ki, “Avropa istehsallı” qapılarının “keyfiyyətli” qulpları mənzil sahiblərinin əllərində şaqqa-şuruqla qırılmaları üçün sanki bəhsə-bəhsə giriblərmiş. Bəlli oldu ki, sanitar qovşaqlardakı “tapançalar”, su kranlarının başlıqları, borular və s. heç də deyildiyi kimi, yüksək keyfiyyətli məhsullar deyilmiş, sadəcə Çin emalatxanalarında (zavod və fabriklərində yox) “əldəqayrılan” oyuncaqlarmış, küləkli havalarda çöl qapıları səhərə qədər hava buraxan aralıqlardından bizə fit konsertlər verəcək, ümumi çöl eyvanlarının qapıları isə matəm marşlarında vurulan təbillərtək gum-gum gumbuldayıb, binanı lərzəyə gətirəcək. Üstəlik kombsi sistemi, kafellər, metlaxlar, divar kağızları, elektrik sistemləri, ümumi və fərdi işıqlandırma yox səviyyəsindəymiş. Mühafizə, mağaza, aptek təminatı, eləcə də digər məsələlər sadəcə bir neçə müddətlik vədlər imiş, sonrası isə bəllidir...

Bütün bunlar KİVDF-nin əvvəlki rəhbərliyinə bu barədə deyiləndə isə cavab belə olurdu: gedin evpullarını (kommunal xərcləri 50 qəpikdən!) ödəyin! İnsafən, pulları ödəyənlər ödəyirdi, ödəyə bilməyənlər də birtəhər çullarını sudan çıxarmağa çalışırdı, amma ortadakı problemlərin heç biri həll olunmurdu.

Bəli, haqlısınız, bəs müsabiqələrdəki haqsız qərarlar, özbaşınalıqlar, qohumbazlıqlar və s. bazlıqlar? Bəs jurnalistlərin pənah qapısı olaraq KİVDF-yə üz tutmaları və oradan üzüqara geri göndərilmələri? Bəs...

Belə “bəs”lər çoxdur, lap çox, öz də tükənməz qədər. Amma necə deyərlər, öz dediyini-özün eşidirdin. Bax onda haqlı olaraq növbəti və bu dəfə şappıltılı suallar edilirdi ki, əcəba yığılan az-çox vəsaitlər hara gedir, kimə gedir və necə gedir?

Artıq bu sualların cavabları yavaş-yavaş verilməkdədir və günahları olanlar da söz yox ki, əlahəzrət qanun qarşısında cavab verməli olacaqlar. Ancaq bütün bunlar olmaya da bilərdi və hər şey öz yolunda da davam edərdi, kimsə incik qalmazdı, kimsə üzləşdiyi haqsızlığa görə əslində haqlı olduğunu sübuta yetirmək üçün özünə əziyyət verməzdi. Sadəcə, göstərilən etimadı doğruldaraq, əməli və şəffaf fəaliyyətlə bunların heç biri olmazdı.

Demək ki, dövlətin göstərdiyi etimadı doğrultmayanlar indi özlərini qanun qarşısında görməli olacaqlar və görürlər də...

Sözümün canı isə budur ki, artıq bu dəfə hər şey tamamilə başqa cür olacaq. İndi biz inamlı şəkildə ümid edirik ki, yuxarıdakı problemlər yavaş-yavaş aradan qalxacaq, jurnalist həm də gerçək jurnalist olaraq tanınacaq, hər gələn cibinə vəsiqə qoyub, bu adı, bu peşəni korlaya bilməyəcək, jurnalistika sahəsinə kənardan “vüqarlı” görünən təsadüfi adamlar, ümumiyyətlə, yaxın dayana bilməyəcəklər. Biz buna nəinki ümid edirik, həm də inanırıq, üstəlik dəstək də göstəririk, göstərəcəyik də. Bu baxımdan, MEDİA-ya isə fəaliyyətində uğurlar, uğurlar və yenə də uğurlar arzu edirik. Əl-ələ verib çalışmaq ən gözəl təşəbbüsdür, aha, düz buraya yazdım!

Rövşən NURƏDDİNOĞLU