“Ermənistan rəsmilərinin açıqlamaları gərginlik yaradır” Sergey Lavrov

18 Yanvar 2021 17:16 (UTC+04:00)

Sergey Lavrov Qarabağla bağlı emosional açıqlamaların əks nəticə verdiyi qənaətindədir. SİA xəbər verir ki, nazir bu qənaəti barədə bazar ertəsi təşkil etdiyi mətbuat konfransında söyləyib.

Eyni zamanda, rusiyalı nazir qeyd edib ki, Ermənistan rəsmilərinin bəzi açıqlamaları şübhəsiz ki, gərginliyə səbəb olur.
“Düşünürəm ki, bunun qarşısını almaq daha yaxşı olardı. 44 günlük müharibə başlamazdan əvvəl Qarabağdan səsləndirilən, yaxud Qarabağ barədə səsləndirilən fikirlərin, məsələn, "yeni müharibə, yeni ərazilər deməkdir", kimi emosional ifadələrin, açıqlamaların şahidi olduq. Onun da şahidi olduq ki, ifadələr maddi qüvvəyə çevrilir və bunun Ermənistan üçün acı nəticələrini də müşahidə etdik. Bu vəziyyətdə ifadə olunan emosional fikirlər çox mənfi maddi qüvvəyə, gücə çevrilir”, deyə Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, indi Ermənistan və Azərbaycan rəhbərliyi arasında təmasların qurulmasına, etimad mühitinin yaradılmasına çox diqqət yetirilir və bu, üç ölkənin liderlərinin iştirakı ilə Moskvada keçirilən görüşün vacib mənalarından biri də bu idi və Rusiya emosiyaların kənara qoyulacağına ümid edir.