Peyvəndlənmə aparan qurum məsələdən xəbərsizdirsə, onda...?

18 Yanvar 2021 16:28 (UTC+04:00)

Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. SİA-nın məlumatına görə, ölkədə virusa qarşı vaksinasiya strategiyası da təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünür:

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
2. hüquq mühafizə orqanlarının əməkdaşları;
3. hərbi qulluqçular;
4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi
yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun,
telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali
ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;
2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50),
piylənmə (≥18).

Qeyd edək ki, hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.

Apardığımız müşahidələr nəticəsində deyə bilərik ki, paytaxtın poliklinikalarında artıq vaksinasiya işlərinə start verilib. Məsələ ilə əlaqədar məlumat almaq üçün TƏBİB-ə müraciətimizə cavab olaraq bildirilib ki, peyvəndlənmə işlərinə bilavasitə Səhiyyə Nazirliyi nəzarət edir. Səhiyyə Nazirliyinə etdiyimiz müraciətə cavab "hələ elə məlumat yoxdur" olub. Bizə və yəqin ki, bu xəbəri oxuyan hər kəsə bir şey maraqlıdır, koronavirusa qarşı peyvəndlənmə işlərinə nəzarət edən qurumun məsələdən məlumatı yoxdursa, onda kimin var?

Məsələni araşdıracağıq.