10 noyabr bəyanatında öncədən razılaşmadan söhbət gedə bilməz - ŞƏRH ÖZƏL

18 Yanvar 2021 15:22 (UTC+04:00)

"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünyada informasiya yox, daha çox dezinformasiya bolluğu diqqəti cəlb edir. Hətta erməni generallarından biri müharibənin son mərhələsində, yəni Ermənistanın kapitulyasiya aktına imza atması ərəfəsində söyləyib ki, müharibə dövründə 30 faiz dezinformasiya ola bilər, amma Paşinyan hökuməti faktiki olaraq dezinformasiya ilə məşğul idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu gün sözün həqiqi mənasında həddən artıq spekulyasiya məsələləri gündəmdədir: "Belə bir məlumat da məqsədyönlü şəkildə yayılır ki, guya keçən il 10 noyabrda imzalanan sənəd əvvəlcədən hazır imiş, əvvəlcədən razılaşdırılıb və 10 noyabrda elan edilib. Bunlar hamısı həqiqətin təhrif edilməsidir. Müharibə gedirdi və burada öncədən razılaşmadan söhbət gedə bilməzdi. Cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə qeyd edib ki, biz sona qədər gedəcəyik. Burada öncədən hansı razılaşmadan və ya sövdələşmədən söhbət gedə bilər? Rusiya tərəfi bu məsələdə operativlik nümayiş etdirdi və Rusiya Prezidenti Vladimir Putin paralel şəkildə, eyni vaxtda həm Azərbaycan Prezidenti, həm də Ermənistan Baş naziri ilə intensiv danışıqlar apardı".

E.Nəsirov vurğulayıb ki, bu məsələdə bir faktı misal olaraq deyə bilərik ki, onu da cənab Prezident açıqlayıb: "Dövlət Başçısı bildirib ki, erməni tərəfindən Laçın dəhlizinin 30 kilometr olması məsələsi ortaya atılıb. Azərbaycan Prezidentinin qəti və prinsipial mövqeyindən sonra 10 kilometr, sonda isə 5 kilometrlə razılaşma əldə edilib. Mən məsələnin mahiyyətinin anlaşılması üçün kiçik bir misal gətirdim. Bütün məsələlər onlayn şəkildə ən kiçik detalına qədər müzakirə olunub və real zaman şəraitində, müharibənin faktiki olaraq getdiyi bir zamanda müqavilə imzalanıb. Rusiya Prezidenti də məhz bu məsələyə aydınlıq gətirərkən bildirib ki, öncədən hazırlanmış heç bir sənəd olmayıb. Sadəcə olaraq müharibənin son mərhələsində Rusiya tərəfi bu məsələdə vasitəçilik missiyasını ortaya atıb və məlum sənəd imzalanıb".