"Çox yaxın zamanlarda Qarabağ bölgəsi büsbütün yeni simada olacaq" Ağalar Vəliyev

18 Yanvar 2021 14:41 (UTC+04:00)

"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə mədəniyyətimizin paytaxtı elan olunmuş Şuşaya səfəri ədalətin bərpası və qalibiyyətin təntənəsi olmaqla yanaşı işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinin başlamasından müjdə verən tarixi hadisəyə çevrildi". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

A.Vəliyev qeyd edib ki, son aylar ərzində ölkəmizin həyatında çox ciddi dəyişikliklər baş verib, Azərbaycan öz tarixinin yeni mərhələsini yaşamaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi.

Ölkəmizin qarşısında yeni reallıqların dayandığını bildiriən Milli Məclisin üzvü söyləyib ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması və insanların bu torpaqlara köçürülməsi üçün zəruru şəraitin yaradılmasıqarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir: "Bu günlərdə böyük quruculuq işlərinin ilk layihəsi olan Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verilib. Prezidentimizin inamla söylədiyi kimi, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, bizim tarixi dədə- baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik".

Millət vəkili qeyd edib ki, xarici vətədaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya rahat səfər etmələri üçün Füzuli Beynəlxalq hava limanı bir il ərzində istifadəyə veriləcək: "Kəlbəcər və ya Laçında ikinci beynəlxalq hava limanının tikilməsinin nəzərdə tutulması dövlət başçımızın cənnət Qarabağı turizm bölgəsinə çevirmək planlarından xəbər verir və bu dövlətimizin iqtisadi maraqları baxımından tamamilə məntiqidir. İki beynəlxalq hava limanının istifadəyə verilməsi gələcəkdə Qarabağ bölgəsinin yenidən qurulması, yüklərin daşınması və turizmin inkişafı üçün böyük vəsilə olacaq. Bərpa-quruculuq işləri başa çatdıqdan və böyük turizm sənayesi işə salındıqdan sonra bölgə xarici turistlər üçün sevimli məkana çevriləcək".

Ağalar Vəliyev Qarabağ bölgəsinə yeni şəhərsalma mədəniyyətinin gətiriləcəyindən də söz açaraq vurğulayıb ki, 30 illik işğal dövründə dünyada və eləcə də ölkəmizdə tikinti-inşaat sektoru xeyli müsbət yeniliklərə imza atıb: "Təbii ki, bu yeniliklər işğaldan azad olunmuş torpaqlara da şamil olunacaq. İnsanlar üçün rahat və modern yaşayış yerlərinin inşası, yeni inzibati binaların və tədris ocaqlarının istifadəyə verilməsi Qarabağa böyük köçü təşviq edən əsas amillərdən birini təşkil edir.

Millət vəkilinin sözlərinə görə, Qarabağ bölgəsində yerli və xarici sərmayədarların maraqlarına səbəb ola biləcək xeyli resurslar mövcuddur: "Bu bölgəyə yatırılan sərmayə ölkəmizdə qeyri-neft sektorunun ciddi inkişafına səbəb olacaq və o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyacaq. Qarabağın tacı sayılan və mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərinin bərpası isə ölkə rəhbərinin söylədiyi kimi planlı şəkildə təmin olunacaq. Artıq bütün təhlillər aparılıb və müvafiq göstərişlər verilib.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması kimi çox çətin vəzifə uğurla başa çatdırıldığı kimi, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması istiqamətində nəzərdə tutulan proqramlar da böyük uğurla icra olunacaq. İnamla bildirirəm ki, cox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq".