Paşinyanın taleyi artıq həll olunub? - ŞƏRH ÖZƏL

18 Yanvar 2021 13:31 (UTC+04:00)

"Ermənistanda mitinqlər başlananda belə bir ümid vardı ki, bu, artıq Paşinyanın sonudur və bununla da onun siyasi karyerasına bir nöqtə qoyulacaq. Amma zaman göstərdi ki, Paşinyanın arxasında dayanan hər hansı qüvvələr var. Xüsusilə də xarici qüvvələr. Hazırda Rusiya Paşinyanı dəstəkləyir, çünki onun hakimiyyətdə qalması Rusiyanın maraqlarına cavab verir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan üçtərəfli sənədə imza atıb və həmin sənədin icrasını axıra qədər çatdırmalıdır: "Digər tərəfdən görünür hələ Ermənistanda müxalifət mücərrəd anlayışdır, konkret bir şəxs olmalıdır və bu şəxs həm cəmiyyət tərəfindən, həm də siyasi qüvvələr tərəfindən onları dəstəkləyən xarici qüvvələrdən asılıdır. Görünür belə bir şəxs hələ axtarışdadır. Biz onu da müşahidə edirik ki, Paşinyana qarşı mitinqlərdə kütləvilik artıq əvvəlki kimi müşahidə olunmur. Ona qarşı çıxış edənlər başa düşürlər ki, Paşinyanı dəstəkləyən xarici qüvvələr var".

F.Sadıqov vurğulayıb ki, bəlkə də müxalif qüvvələrə, hələlik gözləmələri barədə bildirilib: "Yəni, vəziyyət müəyyən nöqtəyə gəlib çatmalıdır. Ondan sonra müxalifətdən kimsə baş nazir ola və yaxud növbədənkənar parlament seçkiləri təşkil oluna bilər. Bunun nəticəsində də hansısa bir müxalif siyasətçi Paşinyanın postuna seçilə bilər. Bu, reallıqdır, lakin bu, heç də o demək deyil ki, Paşinyan uzun müddət hələ hakimiyyətdə qalacaq. Paşinyanın taleyi birmənalı şəkildə həll olunub. Təsadüfi deyil ki, Paşinyanın həyat yoldaşı və övladları Rusiyaya gedərək, oradan sığınacaq istəyib. Artıq Paşinyan və ailəsi özlərinə yer axtarır. Əminəm ki, onlar, sadəcə olaraq, qaçmaq fikrindədirlər və gec-tez Ermənistanı tərk edəcəklər. Əgər getməsələr, siyasi qüvvələr, sadəcə olaraq, onları parçalayacaqlar".