Moskva görüşü – Azərbaycanın növbəti diplomatik qələbəsidir

18 Yanvar 2021 12:49 (UTC+04:00)

Dünyanın müharibə və sülh tarixinin təcrübəsi göstərir ki, hərb meydanında qalib gələn dövlət xadimləri, adətən, masa arxasında da özlərini qalib aparıblar. Bəzən isə döyüş meydanında qalib gələnlər masa arxasında güzəştə gediblər və ya itiriblər. Ancaq Azərbaycan xalqı böyük qürurlu xalq olduğu kimi, güclü, hərb elminə mükəmməl qalib sərkərdəsi, həm də diplomatik sahədə yüksək səviyyəli zəmanəmizin görkəmli dövlət xadimi İlham Əliyev cənabları son 17 illik Prezidentlik fəaliyyəti bir daha sübut etdi ki, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istəyinə nail ola bilir.

Belə bir fikir də var: "Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!". İstər 2020-ci il 10 noyabr üçtərəfli, istərsə də 11 yanvar 2021-ci il tarixli Bəyanatı bir daha bunu təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir. Prezident İlham Əliyev cənabları bildirmişdir ki, "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi"

Qeyd edim ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Bəyanat müzəffər ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallıqdır. Belə ki, Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. Məhz bu ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub və dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycan Qarabağ məsələsində söz sahibidir. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan bu görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi. Bu Bəyanatla bütün dünya şahidi oldu ki, Azərbaycan haqq, ədalətə gedən yolun qalibidir.

Növbəti 11 yanvar Bəyanatı - Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi, görüşdən sonra üç ölkə rəhbərinin imzaladığı birgə Bəyanat bir daha diplomatiyamızın növbəti qələbəsidir. Məhz bu ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub və dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycan Qarabağ məsələsində söz sahibidir. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan bu görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi.

Dövlətimizin başçısı görüşdən sonra mətbuata bəyanatla çıxışında da 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyini diqqətə çatdırdı və bu bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyini bildirdi. Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyini və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmadığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan: "Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir» deməklə xəstə təfəkkürlü Paşinyan sanki 2020-ci il noyabrın 10-da şəxsən imzaladığı Bəyanatdan xəbərsizdir. Və Paşinyanın «Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır»-deməsi, doğurdan da bir daha erməni xalqına adamın yazığı gəlir ki, belə bir səviyyəsiz, düşüncəsiz onlara rəhbərlik edir. Çünki Paşinyan da, dünya ictimaiyyəti də bir daha şahid oldu ki, artıq münaqişə öz həllini tapıb və bundan sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Və Paşinyanın hələ də Minsk qrupunun hər üç həmsədrinin iştirakı ilə danışıqları canlandırmağa çalışmasının mənası yoxdur. Qeyd edək ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatla çıxışı zamanı da bildirdi: «Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq".

Göründüyü kimi, döyüş meydanından qalib çıxan sərkərdəmiz, Prezident İlham Əliyev bu diplomatik meydanda da Qalib Lider, Nikol Paşinyan isə döyüş meydanında olduğu kimi, masa arxasından da İrəvan isə əliboş qayıtdı.

Qeyd edim ki, imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Həmçinin, «Şərq-Qərb» nəqliyyat dəhlizinin tərkib hissəsi kimi «Mehri dəhlizi»nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq".

Bir sözlə, Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək. Bununla da inamla deyə bilərik ki, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü