"Ermənistanda hökumət və hakimiyyət yoxdur" Mikael Minasyan

18 Yanvar 2021 10:47 (UTC+04:00)

"Xalqın yalnız bir yolu qalır, Nikol Paşinyanı hakimiyyətə gətirdiyi kimi, onu devirməlidir." SİA Ermənistana məxsus armenianreport.com xəbər saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Facebook səhifəsində bazar günü Ermənistan parlamentinin sədri Ararat Mirzoyan haqqında yayımladığı məlumatları şərh edərkən bildirib.
Ermənistanın Vatikandakı keçmiş səfiri ölkənin hazırkı liderlərinin fəaliyyəti ilə bağlı yeni siyahısını təqdim edəcəyinə söz verib.
“Ermənistanda bir siyasi qüvvə olaraq, hökumət artıq mövcud deyil. Mövcud təmsilçilər haqqında bilinən hər şey söylənilməlidir”, deyə Minasyan fikrini açıqlayıb.
Bundan əvvəl Minasyan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanı ikili agent - təkcə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin deyil, həm də Türkiyənin xüsusi xidmət orqanlarının agenti adlandırmışdı. Öz sözlərinin təsdiqi üçün Minasyan, parlamentin hazırkı spikerinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqqında bir sənədi, bir faktı yayımlayıb. Keçmiş səfir Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların aparılması ehtimalını rədd edir və siyasi komandasının üzvlərini “xalq düşmənləri” adlandırır. Yaranmış böhrandan çıxmaq üçün bir dialoq qurmağa çalışan bütün siyasətçiləri düşmənlərə aid edir.
“Xalq düşmənləri ilə danışıqlar aparılmır. Onları insan saymaq olmaz”, deyə Minasyan danışıqlara da etiraz etdiyini gizlətməyib.
Minasyana görə, Ermənistanda hökumət və hakimiyyət artıq mövcud deyil. Onun fikrincə, cəmiyyət Paşinyana və onun hakimiyyətinə dözür və bəzi insanlar ağrılarından artıq kor olublar. Minasyan kütlənin digər hissənin "savadsızlıqdan kar" və "məsuliyyətdən qorxan" adlandırıb.
“Dövləti bərpa etmək üçün xalq yalnız bir şey etməlidir, Paşinyanı hakimiyyətə gətirdiyi kimi də, onu devirməlidir. Xalq səhv etdiyini və düşmənlərini iqtidara çağırdığını, gətirdiyini etiraf etməlidir”, deyə Minasyan bildirib.
Xatırladaq ki, Mikael Minasyan vəzifəsindən sui-istifadə, qanunsuz var-dövlət toplama, çirkli pulların yuyulması və gəlir vergisi bəyannaməsində yalan məlumat verilməsi ittihamları ilə axtarışa verilib.