Uğura gedən yol bu dəfə Şuşadan başladı - ŞƏRH ÖZƏL

17 Yanvar 2021 12:47 (UTC+04:00)
"Növbəti Uğur...! Uğura gedən yol bu dəfə Şuşadan başladı. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri xalqımızın zəfər sevincinə sevinc qatdı, tarixi bir gün oldu. Bu şanlı səfər həm də xalqımızı qürurlandırdı, xəyallardakı diləklərin gerçəkləşdiyi bir gün oldu". Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının Qadınlar şurasının sədri Günay Ağamalı deyib. Onun sözlərinə görə, hər bir azərbaycanlının Milli Qəhrəmanı, xalqın Xilaskarı Cənab Ali Baş Komandanımızın mənfur düşmən işğalından azad olunan mədəniyyət beşiyi, Qarabağın tacı Şuşaya səfəri və səfər zamanı verdiyi mesajlar Azərbaycanın əzmini, qüdrətini, gücünü, birliyini bütün dünyaya göstərdi: Barbar düşmən Şuşanı işğal edən zaman Azərbaycan tarixinin izlərini silmək məqsədilə tarixi, dini abidələrimizi dağıdıb, Azərbaycana məxsus maddi - mədəniyyət nümunələrini yerlə yeksan ediblər. Mədəni sərvətlərlə mübarizə heç bir əxlaq çərçivəsinə sığmır.

Səfər zamanı videoçəkilişlərdən görüntüləri izlədik və bu görüntülər dünya ictimaiyyətinə göstərildi. Ermənilərin vandal, barbar dəyərlərə söykəndiyi açıq - aydın göründü".

G.Ağamalı vurğulayıb ki, ölkə Prezidenti Cənab İlham Əliyev Şuşaya səfəri zamanı çıxışında bildirib ki, bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın: "Ali Baş Komandan - Ordu - Xalq birliyinin gücünü və "Dəmir Yumruq" əməliyyatını bir daha düşmənə xatırlatdı".