Şuşaya həsr olunmuş videoçarx təqdim edilib

16 Yanvar 2021 14:48 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Şuşaya həsr olunmuş videoçarx təqdim edib.

İdarədən SİA-ya bildirilib ki, videoçarxda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın tarixi abidələri, gəzməli-görməli yerləri, kitabxananın müdiri Arzu Xudayarovanın şəxsi arxivindən Şuşaya aid olan fotolar nümayiş olunub. O, həmçinin videoçarxda Akif Məftun Tofiqoğlunun “Gəl gedək, Şuşaya aparım səni” şeirini səsləndirib.

Videoçarxda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin erməni işğalından azad edilməsi haqqında çıxışı və “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” ifadələri təqdim edilib.