Prezident Şuşaya 39 ildən sonra qalib sərkərdə kimi gəldi - ŞƏRH ÖZƏL

16 Yanvar 2021 12:56 (UTC+04:00)

"Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi əhəmiyyət daşıyır. Çünki, ölkə başçısı Şuşa işğaldan azad olunanda xalqa müraciətində Şuşa biz qayıtmışıq, Şuşa biz səni dirçəldəcəyik şüarlarını səsləndirmişdisə, indi reallıqda ölkə başçısı ailəsi ilə Şuşaya gedərək qayıtdığımızı dünyaya nümayiş etdirib. Əgər bir il əvvəl Ermənistanın Baş naziri Şuşaya səfər edərək içkili halda Cıdır düzündə təlxəklik edirdisə, cənab Prezident Şuşaya və Cıdır düzünə qalib sərkərdə kimi gedərək düşmənlərimizə ciddi mesajlar verdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçısının Şuşaya səfər etməsi, şəhərin meydanında Üzeyir Hacıbəylinin, Bülbülün və Xan qızı Natəvanın büstlərinin uzun illərdən sonra açılışını etməsi düşmənlərimizə bizim üçün Şuşanın nə qədər əziz olduğunu nümayiş etdirən bir mesajdır: "Cənab Prezident ailəsi ilə birlikdə dağılmış məscidlərə ziyarət etməsi, məscidlərə müqəddəs Quran kitablarını hədiyyə edilərək duaların oxunması ölkə başçısının ailəsinin dini-milli dəyərlərimizə nə qədər bağlılığını göstərir. Bu, həm də islam dünyasına düşmən baxışları olan dövlət başçılarına və siyasətçilərə də bir mesajdır ki, bizim üçün öz milli dəyərlərimiz hər şeydən üstündür və onun qorunması üçün bütün varlığımızla hazırıq. Dövlət Başçımız qalib sərkərdə olaraq 39 ildən sonra Vaqifin məğbərəsinin və Bülbülün ev muzeyinə ziyarət edərək buraların erməni vandallığına necə məruz qaldığı ilə tanış olması, bütün milli-mədəni dəyərlərinin yenidən bərpa edilərək tezliklə Şuşanı cənnətə döndərəcəyimizə başlanmağımız deməkdir.

A.Badamov vurğulayıb ki, səfər çərçivəsində prezident İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq hava limanının təməlini qoyub. Qarabağ torpaqlarımızda müasir infrastrukturun formalaşdırılması, bu ərazilərə xarici qonaqları dəvət etməyimizi asanlaşdıracaq. Qarabağ torpaqlarına gələn xarici qonaqlar öz gözləri ilə ermənilərin törətdikləri vandalizmi və vəhşilikləri ilə yerindəcə tanış olmaq imkanı əldə edəcəklər. Həm də işğaldan azad olunmuş ərazilərimizə gediş- gəlişin rahat olması, Şuşada beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərə, o cümlədən yenidən keçiriləcək Vaqifin poeziya günlərinə xarici qonaqların gəlişini rahatlaşdıracaqdır. Qarabağ torpaqlarında müasir kommunikasiyaların formalaşması bu ərazilərimizə müasir həyatın qayıtması və ölkəmizin yüksək inkişaf etmiş bölgəsinə çevriləcəyi deməkdir".