Ermənistan “Dəmir Yumruğun” hazır vəziyyətdə dayandığını unutmamalıdır - ŞƏRH ÖZƏL

16 Yanvar 2021 12:18 (UTC+04:00)

"Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar, lakin onlar «dəmir yumruğu» unutmamalıdır. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Cənab Prezident İlham Əliyevin Şuşaya səfərində də bildirdiyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, düşmənin belini qıran, başını əzən Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Azərbaycan Ordusu, xüsusi təyinatlılar Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur. Əgər Azərbaycana qarşı hər hansı bir təxribat törədilərsə, qarşılığında Azərbaycanın cavabı çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, cənab Prezidentin də dediyi kimi, “Dəmir yumruq” yerindədir: "Azərbaycan Prezidentinin siyasi iradəsi, Ordumuzun hərbi-texniki və kadr potensialı, xalqımızın isə mübarizə əzmi o yumruğu onlara bir daha yaşatmaq üçün hazırdır. Sadəcə, Azərbaycan hər zaman olduğu kimi qan tökülməsini istəmir. Necə ki, 44 günlük Vətən müharibəsinin hər günü cənab Prezident İlham Əliyev Ermənstanın baş nazirinə bildirirdi ki, gec olmadan təslim ol, qan tökülməsin. Onsuz da Azərbaycan Ordusu öz tarixi torpaqlarını azad edəcək, necə ki, etdi. Ermənistan tərəfi qan tökülməkdən, bundan daha çox itki verməkdən çəkinməlidir. Bu, onlara nə siyasi, nə iqtisadi, nə də sosial siyasətləri baxımından əlverişli variant deyil. Onlar üçün ən optimal çıxış yolu bölgədə yaranmış yeni reallığı dərk etmək, açılacaq nəqliyyat və dəmir yollarından yararlanmaq, konstruktiv mövqe nümayiş etdirərək regionun dirçəldilməsində iştirak etmək, regionda olan ölkələrə qarşı ərazi iddiasından, revanşist fikirlərdən çəkinməkdir. Bu, Ermənistana digər bütün region dövlətlərindən daha çox lazımdır. Digər bütün sahələrdən kəsərək limitli ölçüdə büdcələrini orduya yönəltsələr də, bu vəsaitin göyə sovrulması və Qarabağ müharibəsində uduzmaqları, həm də əhalisinin sosial sifarişlərini yerinə yetirə bilməmələri erməni xalqının güzəranını rəzil duruma salıb".

Ekspert bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasını isə dəyərləndirsək, Müzəffər Ali Baş Komandan İlham Əliyev status məsələsini tarixin zibilliyinə göndərdiyini bildirib: "Status məsələsi nə 10 noyabr 2020-ci il tarixli Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin arasında imzalanmış bəyanatda, nə də 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatında əks olunmayıb. Regionda yaranmış mövcud reallıq göz önündədir. Son sözü Müzəffər Ali Baş Komandan, hüquqi sənədlər və Azərbaycan Ordusu deyib və deməkdədir. Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə, müharibə qaydalarına və etikasına əməl edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Bunu Ermənistan rəsmiləri anlamalıdırlar. Onlar bu məsələni anlamaqla yanaşı, bir şeyi də unutmamalıdırlar ki, Azərbaycan Ordusu Ermənistan Ordusunu demək olar ki, məhv edib. Səfər edilən ərazilər beynəlxalq hüquqla təsbit olunmuş Azərbaycan əraziləridir. Buna görə də rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər etməməlidir. Əks təqdirdə bu, Ermənistan tərəfinə baha başa gələ bilər".

Politoloqun fikrincə, mənfur düşmənin məqsədlərindən biri də Şuşa şəhərini erməniləşdirmək idi: "Hətta işğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini də puç etdi. Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad olunması ilə qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı və düşmənin çirkin əməlləri baş tutmadı. Cənab Prezidentin təbiri ilə desək, “parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi".

Ş.Həsənova vurğulayıb ki, yaranmış mövcud durum və Azərbaycanın qalibiyyəti Ermənistan müxalifət nümayəndələri, ölkənin Prezidenti Armen Sarkisyan tərəfindən etiraf edilir, xarici ekspertlər tərəfindən dilə gətirilir: "Onlar revanşizm hisslərinin növbəti dəfə Ermənistanı geri salacağı qənaətindədirlər. Ermənistan prezidenti Armen Sarkisyanı artıq Ermənistanın müxtəlif istiqamətlərdə tənəzzül etdiyini açıq şəkildə dilə gətirməyə vadar oldu. Sarkisyan etiraf etdi ki, Ermənistan güclü ordusu olduğunu iddia etməsinə baxmayaraq, reallıqda belə bir ordu mövcud deyil. 26 il ərzində Azərbaycanda ordu quruculuğu istiqamətində real addımlar atılıb, müasir texnologiyalar tətbiq edilib, Ermənistanda isə vəziyyət deyildiyi kimi deyil. Ermənistan rəsmiləri və ümumilikdə siyasət adamları ölkənin yalnız siyasi həyatı deyil, iqtisadi, sosial, humanitar sahələrinin də iflic vəziyyətə düşdüyünü etiraf edirlər. Yerli və xarici ekspertlər ölkədə müharibədən sonrakı vəziyyəti faciə kimi dəyərləndirirlər. Ermənistan müxalifəti də artıq reallığı dərk edir, Ermənistan müxalifətinin lideri, Nikol Paşinyanın əsas rəqibi olan Vazgen Manukyan RBK-ya verdiyi müsahibəsində bir sıra məqamlara toxunarkən revanşist ideyaların onlara xeyir verməyəcəyini bildirdi. Manukyan hazırda ölkəsində Azərbaycana qarşı revanşizm barədə düşünməyin mənasız olduğunu dilə gətirdi. Manukyanın fikrincə müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir. Manukyan hətta Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini də etiraf edərək bildirir ki, Moskva görüşü Ermənistana heç nə vermədi, Azərbaycan isə lazım olana nail oldu. Odur ki, nə qədər gec deyil, əməkdaşlıq formatına əl uzatsınlar və beləliklə də, düşdükləri dərin quyudan çıxsınlar. Bunun üçün isə kimlərinsə, hansısa dairələrin diqtəsini yerinə yetirməyi yox, öz xalqının aqibətini prioritet kimi müəyyənləşdirsinlər".