“Cənab Prezidentin Şuşaya səfəri qürur doğurur, inam və ruh yüksəkliyi bəxş edir” ÖZƏL-MÜNASİBƏT

16 Yanvar 2021 12:08 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya səfəri hər bir kəsdə qürur doğurur, insanlara inam və ruh yüksəkliyi bəxş edir. Çünki 30 ilə yaxın idi ki, Şuşa düşmən əsarətində idi və hər bir Azərbaycan vətəndaşının ən böyük, müqəddəs arzusu Şuşanı azad görmək, Şuşaya səfər etmək, şəhidlərin ruhunu sevindirmək olub. Şükürlər olsun ki, biz Ali Baş Komandanın, ölkə rəhbərinin böyük şücaəti, böyük iradəsi, ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində bu arzumuza çatdıq, bizim üçün müqəddəs sayılan Şuşaya qovuşduq.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib və xatırladıb ki, Şuşa dünyanın ən gözəl şəhərlərindən biri, Azərbaycanın tacı olmaqla, insanların qürur duyduğu bir yer, bəli, bizim üçün müqəddəs məkandır və Azərbaycan xalqına çox böyük sənət dühaları, böyük siyasi xadimlər, ictimai fəallar bəxş edib.
“Azərbaycan Respublikasının Prezidenti bütün görüşlərində, bütün çıxışlarında bəyan edirdi və bildirirdi ki, “Biz bayrağımızı, üçrəngli bayrağımızı Şuşada dalğalandıracağıq, biz Şuşanı düşmən əsarətində qoya bilmərik, biz mütləq Şuşamıza qayıdacağıq” və çox şükürlər olsun ki, biz bu günü gördük. Azərbaycan Prezidenti çox böyük fəxrlə, vüqarla Şuşamızı ziyartə edir. O, şəhidlərimizin ruhunu sevindirir, qəhrəmanlarımızı yad edir və igid döyüşçülərimizi, zabitlərimizi, əsgərlərimizi alqışlayır. Əlbəttə ki, ölkə rəhbərinin Şuşaya bu səfəri bütün dünyaya bir daha göstərir ki, haqq ədalət uğrunda mübarizə aparanlar heç vaxt yanılmırlar, onlar heç vaxt yenilmirlər, onlar öz məqsədlərinə, öz arzularına qovuşurlar. Azərbaycan Prezidentinin Şuşada olması və oradan da Azərbaycan xalqını salamlaması, öz ürək sözlərini insanlara çatdırması tarixi bir missiyadır. Bu, ölkə rəhbərinin müqəddəs arzusunun həyata keçirilməsi, ata vəsiyyətinin yerinə yetirilməsidir. Çünki bizim ağlar gözümüzün biri Şuşa idi və biz Azərbaycanı Şuşasız təsəvvür edə bilməzdik. Çox şükürlər olsun ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan xalqının inamını, qürurunu özünə qaytardı, Şuşamızı özümüzə qaytardı. Onun Şuşada qürurla, fəxrlə gəzməyə, həmin müqəddəs torpaqlara birincilər sırasında ayaq basmağa haqqı var və bu haqqı buna qəlbinin inamı, Azərbaycan xalqına olan məhəbbəti, hörməti, etimadı qazandırıb. Əlbəttə ki, ölkə rəhbəri Şuşanı ziyarət edir, ancaq, o eyni zamanda Şuşa barədə gələcək planları, qarşıda duran gələcək vəzifələri müəyyənləşdirir. Çünki Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir və çevriləcəkdir. Bu şəhər dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınacaqdır.

Cənab Prezident bu amaldadır, bunu vəd edib və ölkə başçısı öz vədinə sədaqətlidir, sadiqdir. O, Şuşada olmaqla, bu şəhərə səfər etməklə, bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda, öz müqəddəs məkanları uğrunda çanından keçməyə hazır olduğu kimi, həm də həmin yerləri abadlaşdırmağa, gözəlləşdirməyə, inkişaf etdirməyə qadirdir. Elə bilirik və hər birimiz əminik ki, nəinki Şuşamız, Azərbaycanın işğaldan azad edilən bütün torpaqları gələcəkdə gülüstana çevriləcək. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan xalqı döyüşlərdə olduğu kimi, bərpa işlərində də öz birliyini, öz çəsarətini, öz şücaətini nümayiş etdirəcək və Azərbaycan dünyanın ən inkişaf edən ölkələrindən birinə çevriləcək. Biz sözümüzü deyəcək, başımızı uca tutacağıq. Sözsüz ki, Azərbaycan Prezidenti bu yolda bir sərkərdə kimi, bir rəhbər kimi bizə yol göstərəcək, xalqı səfərbər edəcək və xalqımızın xoşbəxt günləri, əziz günləri bundan sonra daha gözəl, daha firavan və aydın olacaqdır”, deyə Tahir Rzayev bildirib.