Moskva görüşü – Azərbaycanın növbəti diplomatik qələbəsi - ŞƏRH

15 Yanvar 2021 17:45 (UTC+04:00)

Prezident İlham Əliyev: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi”

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi, görüşdən sonra üç ölkə rəhbərinin imzaladığı birgə Bəyanat diplomatiyamızın növbəti qələbəsidir. Dünyanın müharibə və sülh tarixinin təcrübəsi göstərir ki, hərb meydanında qalib gələn dövlət xadimləri adətən masa arxasında da özlərini qalib aparıblar. Bəzən isə döyüş meydanında qalib gələnlər masa arxasında güzəştə gediblər və ya itiriblər. Ancaq Azərbaycan xalqı böyük qürürlu xalqdır ki, güclü, hərb elminə mükəmməl qalib sərkərdəsi, həm də diplomatin sahədə yüksək səviyyəli zəmanəmizin görkəmli dövlət xadimi İlham Əliyev cənabları Azərbaycannı Prezidentidir. Məhz bu ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub və dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycan Qarabağ məsələsində söz sahibidir. Dövlət başçımızın görüşdə səsləndirdiyi fikirlər də göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin tərəfdarıdır. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan bu görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi.

Bəli, bütün dünya şahid oldu ki, Azərbaycan haqq, ədalətə gedən yolun Qalibidir. Məhz ona görə də, Vətən Müharibəsinin 44-cü günü – 2020-ci ilin noyabrın 10-da imzalanan Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında birinci TARİXİ MÜQAVİLƏ, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoyudu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bu Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bir daha sübut edildi ki, bütün bunlara Azərbaycan Prezidenti, Müzəfər Ordunun Ali Baş Komandanı İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Orunun, rəşadətli əsgər və zabitlərimizin gücü ilə əldə edildi.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Bəyanat müzəffər ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallıqdır. Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.

Bir sözlə, Bütün bunlardan sonra Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri və görüşlərin yekunu ilə bağlı üçtərəfli - dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Hər iki - 2020-ci il 10 noyabr tarixli və 11 yanvar 2021-ci il üçtərəfli Bəyanatı bir daha təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

Dövlətimizin başçısı görüşdən sonra mətbuata bəyanatla çıxışında da 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyini diqqətə çatdırdı və bu bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyini bildirdi. Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyini və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmadığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Ermənistan uçuruma gedən yolda – “bəlkə də qaytardılar” xülyası

Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir" deməklə xəstə təfəkkürlü olduğunu isbatladı. Sanki 2020-ci il noyabrın 10-da şəxsən imzaladığı Bəyanatdan xəbərsizdir. Və Paşinyanın "Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır", - deməsi, Ermənistan xalqına kimin rəhbərlik etdiyini sübut edir. Çünki dünya ictimaiyyəti də bir daha şahid oldu ki, artıq münaqişə öz həllini tapıb və bundan sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Paşinyanın hər üç həmsədrinin iştirakı ilə danışıqları canlandırmağa çalışmasının mənası yoxdur. Qeyd edək ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatla çıxışı zamanı da bildirdi: "Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq".

Göründüyü kimi, döyüş meydanından qalib çıxan sərkərdəmiz, Prezident İlham Əliyev bu diplomatik meydanda da Qalib Liderdir. Nikol Paşinyan isə döyüş meydanında olduğu kimi, masa arxasından da İrəvana əliboş qayıtdı.

Bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur

Qeyd edək ki, imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Həmçinin, "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Mehri dəhlizi"nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.

Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda da bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq".

Beləliklə, Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək. Bununla da inamla deyə bilərik ki, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

RƏFİQƏ KAMALQIZI