Ürəklərdə yaşayan döyüşçü ömrü...

15 Yanvar 2021 15:43 (UTC+04:00)

Şəhid Ayxanın həyat hekayəsi...

Vətən – hər şeydən əvvəl vətənpərvər insan üçün mənlik, namus, qeyrət, şərəf və azadlıq deməkdir!

Vətəni müqəddəslik məqamına yetirib, onu əlçatmaz edənlər də, məhz mükəmməl düşüncəli, ürəyi ilahi sevgi ilə zəngin olan müdrik insanlardır!

Vətən torpağı - ulu əcdadlarımızın uyuduğu, şəhidlərimizin qanı töküldüyü müqəddəs bir məkandır.

Doğma Azərbaycanımız da qəhrəmanlar yurdu, igid-ərənlər məskənidir. Bizim xalqımız Vətəninə, torpağına bağlı mərd oğullar yetişdirən bir xalqdır. Bu ilahi duyğu, bizim bir xalq olaraq ruhumuzda, qanımızdadır. Torpağımızın hər qarışında, hər dağında, hər daşında bir qəhrəmanlıq dastanı yaşayır.

Bu torpaq vətən uğrunda canından keçən, şəhid olan oğulların qanı ilə suvarılıb. Vətən, Azərbaycan deyib, ən ali sevgi uğrunda canlarını sipər edərək, düşmənlə üz-üzə dayanan oğullar şəhidlik zirvəsinə yüksəliblər. Belə oğullar sırasında, bu gün adını iftixar hissi ilə xatırladığımız, xalqımızın qəhrəman övladı – “Mən, şəhid olan heç bir Azərbaycan əsgərindən artıq deyiləm! Əgər, qismətimdə belə şərəfli ölüm varsa, mən də şəhid olacağam! Bu məqama çatmaq, mənə çox böyük bir xoşbəxtlik olardı!” sözlərinin müəllifi olan şəhidimiz Heydərli Ayxan İlham oğlunun da adı var.

Müqəddəs şəhidlərimiz haqqında davamlı yazılarımın növbəti qəhrəmanı, eloğlumuz, doğma Əlinəzərli kəndimizin fəxri, igidliyi ilə tarix yazan Heydərli Ayxan İlham oğlu olacaq.

Ayxan haqqında yazmaq mənim üçün sözün hər mənasında çox çətindir. O, həm xalqımızın qəhrəman şəhid övladı, həm eloğlum, həm də, mənə ən yaxın qohum olan bir şəxsdir. Bütün bunların fonunda həmin insanın keçdiyi həyat yolu barəsində nə isə yazıb geniş oxucu kütləsinə təqdim etmək çox məsuliyyətli bir işdir.

İşim ilə əlaqədar olaraq və bir vətəndaş kimi, şəhid ailələrində tez-tez qonaq oluram. İmkanım daxilində bütün şəhid ailələrini ziyarət etməyə çalışıram. Bu dəfə də, yolumu Orta Əlinəzərli kəndindən saldım. Şəhid atası, Umudov İlham Atalı oğlunun evində qonaq oldum. Əslində, mən o evə qonaq kimi yox, ailənin bir üzvü kimi getmişdim. Ziyarətim, yeni ilin ilk gününə təsadüf edirdi. Sözlə ifadə edə bilməyəcəyim isti bir münasibətlə qarşılandım. Öz əllərinin zəhməti ilə ruzi qazanıb yaşayan bu insanların süfrəsində halal çörək kəsmək də qismət oldu mənə. Evdə olduğum bir neçə saat ərzində şəhidimizin ailə üzvləri ilə xeyli səmimi söhbət etdim. Ailənin Ayxanla bağlı bitib-tükənməyən, şirinli-acılı xatirələri dilə gəldi həmin gecə. Ailə üzvlərini dinlədikcə, onların şəhidimizə necə ürəkdən bağlı olduqlarına yenidən şahid oldum. Şəhid oğlu haqqında hər dəfə xatirələrini dilə gətirib danışan zaman Naibə anamın kövrəldiyini hiss edir və sanki, o günləri təzədən yaşayırmış kimi əzab çəkdiyni görürdüm. Danışdıqca qəhərdən boğulan zəif səsini eşidir, gözündə öz əksini tapan oğul intizarını açıq şəkildə görürdüm. Bu günə qədər də, acılarla dolu baxışların, daha dəqiq desəm, “danışan gözlər”in təsiri altındayam. Ürəyi övlad nisgili ilə dolu olan anamın hələ də, ümidlə oğul yolu gözləməsini isə, sözlə ifadə bilmirəm. Bu dəhşətli mənzərəni seyr etmək olduqca ağırdır...

Bu ailənin qonaqpərvərliyini, insanlara qarşı olan təbii, sırf insani dəyərlərə söykənən səmimiyyətini isə, sadəcə görmək lazımdır. Bütün bunları mən canlı şəkildə gördüm və ətrafımda belə insanların olması ilə bir daha qürur duydum. Məhz, bu ailənin insanlara diqqəti, dövlətə məhəbbəti, xalqına rəğbəti və ölkə rəhbərinə olan sevgisi, bir əxlaq nümunəsidir.

Şəxsiyyətinə böyük hörmət bəslədiyim İlham kişinin ailəsində şəhid qardaşım Ayxan da daxil olmaqla, 4 nəfər, 2 qız və 2 oğlan uşağı böyüyüb, boya-başa çatıb.

Onu da qeyd edim ki, ailənin diğər oğul övladı olan Heydərli Heydər də hərbçidir və hal-hazırda müddətdən artıq həqiqi hərbi xidmət etməklə, Vətənimizə olan borcunu yerinə yetirir. O, 2011-ci ilin oktyabr ayından, 2014-cü ilin aprel ayına qədər Naxçıvan MR-da yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Heydər 2014-c ildən bu günə kimi isə, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə şərəflə xidmətini davam etdirir. Nizam-intizamlı bir hərbçi olduğu üçün rəhbərlik tərəfindən “Qüsursuz xidmətə görə” medalına və digər çoxsaylı həvəsləndirici təltiflərə layiq görülmüşdür.

O, hərb tariximizə 4 günlük müharibə kimi düşmüş məlum Aprel döyüşlərinin də fəal iştirakçısı olmuşdur. Lələtəpə yüksəkliyinin alınması uğrunda gedən qanlı döyüşlərin canlı şahidi olmuşdur. Müharibənin gedişində valideynlərinə Heydərin şəhid olması barədə məlumat verilsə də, sonradan bu məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.

Daha sonra o, xidmətini Ağdam rayonunun Yusifcanlı kəndində, Qarqarçay ərazisində yerləşən “N” saylı hərbi hissədə post komandiri kimi davam etdirir.

Hər birimizin yaddaşında “Vətən Müharibəsi” kimi qalan savaşda, xalqımıza Qələbə sevinci yaşadan hərbçilərin sırasında Heydərin də adı, qalib tərəf olmağımızda onun da özünəməxsus imzası var. Onun döyüşlərdə göstərdiyi rəşadətə görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, müvafiq olaraq, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid ailəsində olduğum həmin gün Heydər də evdə idi. Valideynləri onun müharibədən sağ-salamat qayıtması üçün Allahın adına xatir demiş olduqları qurbanı da kəsmişdilər. Doğma Vətəni naminə, dövlətinin ərazi bütövlüyü uğrunda bir igid oğul qurban vermiş ailə, hal-hazırda dövlətinə şərəflə xidmət edən digər bir oğluna qurban kəsmişdi! Bilirsinizmi bu nə deməkdir? Bunu, yalnız evində hərbçi olan ailələr, müharibədə övadının həyatda sağ qalması üçün Allaha dualar edən, şirin yuxusu ərşə çəkilən, həsrətlə yol gözləyən valideynlər və ürəyində Vətən sevgisi olan vətənpərvər insanlar daha yaxşı başa düşər!

Heydərli Ayxan İlham oğlu 26 dekabr 1996-cı ildə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində sadə, zəhmətkeş, halal süfrəsi olan qonaqpərvər bir ailədə dünyaya göz açmışdır.

O, 2003-cü ildə şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.

Ayxan uşaqlıqdan halal zəhmətlə yaşamağa öyrənmişdi. O, bütün işlərdə valideynlərinə kömək edər, ailənin yaxşı dolanması üçün əlindən gələni edərdi. Özündən yaşca böyük olan Heydər adlı qardaşı ilə birgə evdə təsərrüfat işləri ilə maraqlanar, kəndimizin hər tərəfini əhatə edən sıx meşəlikdə uşaqlarla birgə qoyun–quzu otarar və ailəsinə düşən pay torpağında əkin-biçinlə məşğul olardı.

Çılğın, şən və zarafatcıl xarakterə sahib olması isə, onun ürəyində çox yüksək həyat eşqinin olmasından xəbər verirdi. O, hər kəslə səmimi ünsiyyət qurar, bütün yaş qrupundan olan insanlarla dostluq edər, öz qaynar xasiyyəti və duzlu-məzəli söhbətləri ilə bütün ürəklərə yol tapardı. Ayxan, hər il yay tətili olanda Bakı şəhərinə işləməyə gedərdi. Təbii ki, bu addımı atmağa onu heç kim məcbur etməzdi. Özü israrla işləməyə can atar, ailəsinin daha da yaxşı yaşaması naminə hər zəhmətə qatlaşardı. Ayxan uşaqlıqdan musiqi məktəbinin qarmon sinfində təhsil almış, həmçinin, idmanla da maraqlanmışdır. İdmanın Mauy-Tay, Tay Boksinq növləri ilə ciddi şəkildə, xüsusi bir həvəslə məşğul olub. Bu istiqamətdə uğurları çox olmuş, dəfələrlə birincilik qazanaraq diplom və mükafatlarla təltif edilmişdir. Şəhid qardaşımın düşüncələri uşaqlıqdan sirlərlə dolu idi. Bu düşüncələr çox mürəkkəb və mürəkkəb olduğu qədər də, onu hiss edənlər, anlayanlar üçün başadüşülən idi. Ayxan ürəyində bəslədiyi Vətən sevgisini bəzən müəyyən işarələrlə ətrafındakı insanlara bildirərdi. Belə ki, o, bütün şəkillərinin üzərinə “Hər şey Vətən üçün”, ”Vətən, sənə canım fəda” kimi milli qürurumuzun varlığından xəbər verən şüarlar yazarmış...

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hər birimizin yaxşı tanıdığı, xalqımızın qəhrəman oğlu, mənim də ən yaxın dostum olan Ramil Səfərovun məlum şücaiəti zamanı, Ayxanın cəmi 8 yaşı var idi. Bu hadisədən sonra Ayxan Ramil Səfərovu özünə ideal seçir və sırf onun şərəfinə özünə hərbi forma aldırır. Baş verən bu olaydan 6 il sonra, 2010-cu ildə Ayxan xalqımızın daha bir qəhrəman övladı, qürur yerimiz olan Mübariz İbrahimovun yazmış olduğu şanlı tarixi gündən ilhamlanaraq, qətiyyətlə hərbçi olmaq qərarına gəlir. O zaman Ayxan 14 yaşlı yeniyetmə idi. Sənədlərini “Cəmşid Naxçıvanski” adına Hərbi Liseyə verir və bütün mərhələlərdən uğurla keçir, lakin özündən asılı olmayan səbəblərə görə qəbul ola bilmir. Bu uğursuzluq onu ruhdan salmır, tam əksinə, ürəyinə hakim kəsilən hərbçi olmaq arzusu onu rahat buraxmırdı. Hər keçən an, hər keçən gün, onu hərbçi olmağa yaxınlaşdırırdı. Ayxanın ən böyük arzusu isə, Ramil Səfərovla Mübariz İbrahimova bənzər hərbçi kimi yetişmək və Qarabağı işğaldan azad edərək, üçrəngli müqəddəs bayrağımızı orada dalğalandırmaq idi.

Nəhayət, həmin gün gəlib çatır. Ayxan 26 yanvar 2015-ci ildən, 01 iyul 2016-cı ilə kimi Naxçıvan MR-da “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Atıcı-nizamlayıcı əsgər kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, ona həvalə edilmiş silah və hərbi texnikaların taktiki-texniki göstəricilərini dərindən öyrənmiş və günün nizam qaydalarına ciddi şəkildə əməl etmişdir. Nümunəvi bir əsgər kimi daim yuxarı komandanlığın diqqət mərkəzində olmuş, müxtəlif həvəsləndirici təltiflərə layiq görülmüşdür.

Ayxan ordu sıralarından tərxis olunduqdan sonra o, 2016-cı ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və manqa komandiri kimi fəaliyyətini davam etdirmişdir. Burada 2 il xidmət etdikdən sonra, 2018-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində “N” saylı hərbi hissədə post komandiri kimi xidmətini davam etdirir. Bu müddət ərzində o, xidmət etdiyi ərazidə nizam-intizam yaratmış və post komandiri kimi digər hərbi qulluqçulara nümunə olmuşdur.

Hər dəfə evdən xidmətə geri dönəndə əsgərləri üçün zəruri olan əşyaları alar, özü ilə ərzaq və digər şeylər aparardı. Hətta, hər bayram günlərində şəxsi vəsaiti ilə əsgərlərinə süfrə açar, onları tək qoymazdı. Ən qürurverici

hallardan biri də ondan ibarətdir ki, yuxarı komandanlıq şəxsi heyyətə müraciət edərək, kimin könüllü olaraq post komandiri kimi fəaliyyət göstərməsini soruşmuş və çoxsaylı hərbçilər arasından yeganə şəxs olaraq, Ayxan bu təklifi qəbul etmişdir.

Daha sonra o, həmin hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirir. Digər xidmət etdiyi yerlərdə olduğu kimi, burada da o, hərbi nizamnamənin tələblərinə qeyd-şərtsiz əməl edir və qüsursuz xidmət edən hərbçi kimi, özünə xüsusi hörmət qazanır. 2020-ci ilin iyul ayında, Tovuz rayonunda mənfur qonşularımızın dövlət sərhəddimizi kobudcasına pozaraq təxribat törətdikləri zaman, Ayxan da silaha sarılaraq Vətənimizin müdafiəsinə qatılmış və qızğın döyüşlərdə fəal iştirak etmişdir.

Nəhayət, 27 sentyabr 2020-ci ildə, şanlı tariximizə “Vətən Müharibəsi” adı ilə düşən döyüşlər baş verir. Həmişə olduğu kimi, bu dəfə də ermənilər atəşkəsi pozaraq, hücuma keçir. Qüdrətli Ordumuzun əks hücumları ilə düşməni geri çəkilməyə məcbur edilir.

İllərin təcrübəsi və çəkdiyi zəhmətin nəticəsi olaraq, Ayxan bu qanlı döyüşlərdə də xüsusi xidmətləri ilə fərqlənib və bir çox uğurları ilə yadda qalıb. O, həm mahir kəşfiyyatçı, həm də, çevik sanitar-həkim kimi xidmətini ləyaqətlə yerinə yetirirdi. Həmin qızğın döyüşlər zamanı o, 20 nəfərə yaxın hərbçini ölümün pəncəsindən alaraq, həyatını xilas etmişdir. Füzuli rayonu və ətraf kəndləri istiqamətində gedən qızğın göyüşlərə Ayxan bütün gücünü səfərbər etmiş, mənfur düşmənlərə sarsıdıcı zərbələr vurmuşdur. Onun da, düşmənin illərlə yaratmış olduğu, çox çətin keçilən 5 istehkamın darmadağın edilməsində yaxından iştirakı olmuşdur. Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, erməni quldurlarının yerləşdiyi 6-cı istehkamın azad edilməsi uğrunda Ordumuzun apardığı mübarizədə Ayxan düşmən tərəfindən atılan qumbaraatan mərmisinin yanında partlaması nəticəsində başından və gözündən qəlpə yarası alaraq, 06 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid our.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin sərəncamları ilə, Ayxan ölümündən sonra, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhidimizin atası İlham Umudovun xatirələri: Ayxan hələ uşaq vaxtından hərb sahəsinə çox meylli olub. Həmişə qohum uşaqlarını başına yığar, onlara hərbi-vətənpərvərlik ruhunda şeirlər əzbərlədər və mahnılar oxudardı. Sonuncu dəfə evimizə gələndə, məndən onunla birgə ailəmizin payına düşən çöl torpaq sahəsinə getməyimi xahiş etdi. Etiraz etmədim və onunla birgə əkin sahəmizə getdim. Bir az gəzdikdən sonra, yerimizin başındakı təpəlikdə dayandı və mənə dedi: “Ata, durduğumuz bu yerə bayrağımızı sancarsan!” Nə baş verdiyini anlamadım və düşünmədən ona öz etirazımı bildirdim. Mənim, buna razılıq vermədiyimi biləndə isə, o, təkrar dedi: “Ata, eybi yox, çox keçməz, mən özüm bu yerdə bayrağımızı sancaram! Qoy, bu bayraq mənim olmadığım zamanlarda burada daim dalğalansın!”. Mənə dediklərinə görə onu həmin gün çox danladım. Bu gün isə, onun söylədiyi sözlər hələ də fikrimdən çıxmır və məni rahat buraxmır. Ayxanla son danışığımız oktyabr ayının 5-i, günorta saatlarında olub. Hər şeyin yaxşı olduğunu, heç nədən narahat olmamağımızı bildirdi. Amma mən orada qızğın döyüşlərin getdiyini bilirdim. Elə həmin gün, bizimlə əlaqə saxlayandan bir az sona, döyüş meydanında, düşmənlə 40 metrlik məsafədə döyüş-döyüşə, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib! Yaxınlarda bir neçə döyüş yoldaşı bizdə qonaq oldu. Haqqında çox danışdılar, xatirələrini bizimlə bölüşdülər. Sonda onu da bildirdilər ki, Ayxanın şəhid olduğu yerdə onun şərəfinə xatirə bulağı inşa edəcəklər.

Bir dəfə oğlum Heydəri evdən xidmət etdiyi hərbi hissəyə apararkən, yolda erməni faşistləri içində olduğumuz avtomobili 2 dəfə qumbaraatanlardan atəşə tutdu. Xoşbəxtlikdən ciddi xəsarət alanımız olmadı. Nəhayət, getdiyimiz yerə sağ-salamat çatdıq və xidmət edən hərbi qulluqçularla görüşüb, xeyli söhbət etdik. Geri qayıdanda isə, Ayxanın şəhid olduğu yeri, bizim üçün müqəddəs olan o torpağı ziyarət etdik və ruhuna dualar oxuduq...

Şəhidimizin anası Naibə Umudovanın xatirələri: Ayxan, həmişə birinciliyə, liderliyə can atırdı. Uşaqlıqdan sözgötürən deyildi. Elə bu səbəbdən də, dəqiqliyi, təmizliyi və düzgünlüyü sevirdi. O, öz işinin vurğunu idi. Hər dəfə evə gələndə darıxar, həmişə xidməti yerinə, komandiri olduğu posta qayıtmağa can atardı. Hamı onu qorxmaz hərbçi, vətənpərvər bir vətəndaş kimi tanıyırdı. Qaynar təbiətli insan olduğu üçün, dostları, ünsiyyətdə olduğu tanışları çox idi. Onlar, bu gün də bizimlə əlaqə saxlayır, ailəmizlə maraqlanırlar. Sonuncu dəfə Ayxanı evdən xidməti iş yerinə yola salanda, sakitcə üzümə xeyli baxdı və mən bunun səbəbini soruşanda, o, mənə: “Ana, narahat olma, hər şey yaxşıdır! Qələbə bizim olacaq!” sözlərini dedi. Axırıncı gəlişində, ailəmizin hələ xoşbəxt yaşadığı o günlərdə Ayxan mənə təzə paltar da alıb gətirmişdi. Deyirdi ki, darıxma, Qələbəmizdən sonra sənə ürəyi nə istəsə, hamısını alıb gətirəcəyəm...

Şəhidimizin qardaşı Heydər Heydərlinin xatirələri: Uşaqlıq illərindən bu günə kimi, Ayxanla bağlı xoş xatirələrim olduqca çoxdur. O, mənə həm qardaş, həm də, ən yaxın dost idi. Yaşca məndən kiçik olmasına baxmayaraq, həmişə ondan məsləhət alırdım. O, sərbəst düşüncəyə və zəngin dünyagörüşünə sahib olan ağıllı bir

insan idi. İkimiz də eyni yolu seçmişdik, hərbçi olmaq arzumuzun arxasınca getmişdik. Bir gün Ayxanla söhbət edən zaman mənə dedi: “Heydər, ya mən Qarabağı azad edib ən yüksək zirvədə bayrağımızı dalğalandıracağam, ya da, şəhidlik zirvəsinə ucalacağam! Özümü bu iki yolun birində görürəm! Bu işdə geriyə dönüş yoxdur!”. Sonuncu dəfə qardaşımla telefonda danışdıq və mən ona yaxşı olduğumu bildirdim və özünü qorumağı tapşırdım. Daha sonra, fürsət tapan kimi evimizə, eləcə də, mənə zəng etməsini xahiş etdim və sağollaşdıq. Onun qismətində şəhid olmaq kimi şərəfli tale yaşamaq da var imiş. Şəhid olandan bir müddət sonra, Ayxanı yuxuda gördüm. O, gülərək mənə: “Qardaş, mən ölməmişəm, sağam! Mənə görə narahat olmayın!” dedi və məndən uzaqlaşdı...

Şəhidimizin bacısı Aysən xanımın xatirələri: Ayxan bizim həm qardaşımız, həm də, ən yaxın dostumuz idi. Hər işimizlə maraqlanar, bütün çətinliklərimizdə həmişə yanımızda olardı. Mülayim xasiyyətli, çox etibarlı bir qardaş idi. Natiqlik qabiliyyəti, şirin münasibəti və xoş ünsiyyəti sayəsində, hər kəsin sevimlisinə çevrilmişdi. O, hərb həyatından çox danışmağı sevməzdi. Vətən Müharibəsinin gedişi zamanı onunla əlaqə saxlayanda yuxusuz olduğunu soruşanda, hər dəfə mənə: “Bacı, belə günlərdə biz əsgərlərə yuxusuzluq da xoşdur!” deyərdi. Bir gün məndən soruşdu: “Bacı, heç sən yuxuda ölmüsən?” Məndən “yox” cavabı aldıqdan sonra isə, o, təkrar: “Amma mən ölmüşəm!” dedi. Həmin vaxt onun, postda istirahət saatları imiş. Sonra durub xidmət edən əsgərlərə baş çəkmiş və zəruri tapşırıqlarını verib. Həyatımın ən qəribə yuxusu isə, Ayxanın şəhid olduğu gecə olub. Yuxuda mənə: “Bacı, quru döşəmənin üstündə yatmışam, çox üşüyürəm, mənə yorğan ver! ” dedi. Mən də öz növbəmdə qardaşımın yuxuda istədiklərini ona verdim. Daha sonra isə, digər qardaşım Heydərlə Ayxanı helikopterlə göydə uçan formada gördüm. Heydəri pilot kimi, Ayxanı isə, bizə əl sallayan şəkildə gördüm. İndi, bu yuxunun nələrdən xəbər verdiyini anlayıram. Ayxan axırıncı mesajıma cavab yazmadı. Sonradan, onun Füzuli istiqamətində döyüşdə olduğunu bildim...

Şəhidimizin bacısı Günel xanımın xatirələri: Bütün yaxşı sözlərin hamısını Ayxan haqqında söyləmək olar. O, mükəmməl ürəyə sahib, ən yaxşı qardaş idi. Hər dəfə mən ona: “Qardaş, özün üçün də şərait qur, özün haqqında da fikirləş!” deyəndə, o, mənə: “Bacı, siz yaxşı olun, bu mənə yetər!” cavabını verərək mövzudan yayınardı. Bir gün Ayxanı yuxumda gördüm. Ondan vəziyyətini soruşdum. O: “Mən yaxşıyam. Anam üçün narahatam, ona yaxşı baxın!” dedi. Ən maraqlısı da o idi ki, anam həmin gün çox narahat idi, xəstələnmişdi. Ayxan, elə bil şəhid olacağını hiss edirmiş. Telefonunu və təhlükəsizlik kodunu əmisi oğlu Telmana verib ki, mənə bir şey olsa, yaddaşda çox məlumatlar var, özünüz açıb baxarsınız. Ayxan, həm də, çox zarafatcıl bir insan idi. Bir dəfə qarmon müəllimi olan Akif əmim bizdə olanda, ondan: “Ayxan, niyə qarmon sənətinin arxasınca getmədin? ” deyə soruşdu. Ayxan isə, əhvalını pozmadan: “Əmi, sən, mənə hərbidən, silah-sursatdan, bizi gözləyən Qələbədən danış! Qarmon hələ gözləsə də olar!” deyə cavab vermişdi...

Şəhidimizin hərbi-hazırlıq müəllimi Aydın Cəfərovun xatirələri: Ayxan həmyaşıdlarından həmişə yaxşı mənada fərqlənərdi. Məktəbdə, sinifdə hərbi-vətənpərvərlik ruhunda istənilən mövzuda aktivliyi ilə digər şagirdlərə nümunə olacaq fəallıq göstərərdi. “Şahin” hərbi-idman oyunları zamanı Ayxan da komandamızın tərkibində məktəbimizi uğurla təmsil edərdi. Onun davranışlarından hərb sahəsinə olan marağını hiss edirdim. Silahlarla rəftarı, verilən tapşırıqları vaxtında və nöqsansız icra etməsi mənim onun haqqında bu qənaətə gəlməyimə əsas verir. Onunla həmişə olduğu kimi, bu gün də fəxr edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

Şəhidimizin komandiri olmuş şəxsin xatirələri: Ayxana həmişə bunlardan hansını daha çox sevirsən sualını verəndə, o, mənə: “Öncə Vətən, sonra anam və atam!” deyə cavab verərdi. “Hətta, o, bir dəfə qəza da keçirmişdi. Həkimlər onu orada müalicə etdi. İstirahət üçün məzuniyyət də yazdıq, lakin Ayxan razılaşmadı və xidmətinə davam edəcəyini bildirdi. Ayxanın balacaboy olmasına baxmayaraq, çox cəld, aktiv bir hərbçi kimi ermənilərə qənim kəsilmişdi! Ayxan, şir kimi ürəkli idi! O, əsl qəhrəmandır!” sözlərini dedi və göz yaşlarına hakim ola bilmədi...

Şəhid olmaq - Doğma Vətən naminə, azadlıq, dövlət müstəqilliyi uğrunda candan keçmək, özünü şüurlu şəkildə bu yolda fəda etmək deməkdir! Şəhid olmaq - Allahın verdiyi ömür payını bilərəkdən xalqın xoş gələcəyinə, nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir! Şəhid qanı ilə suvarılan Vətənin hər qarışı müqəddəsdir! Şəhid qanı axmayan, uğrunda mübarizə aparılmayan torpaqdan Vətən ola bilməz!

Qan yaddaşımıza vətən, torpaq uğrunda yaşamağa və ölməyə hazır olmağı bacaran mərd vətən övladı - Ayxanın da adı həkk olundu! Unudulmaz oldu, əbədiləşdi, şəhid Ayxan! Bəli, tarix heç zaman unudulmur, tarix yazılır. Tarixi yazan isə Ayxan kimi Vətənin namuslu, igid və qəhrəman oğullarıdır!

Müqəddəs şəhidlərimizin ömür yolu gələcəyimiz üçün bir nümunədir. Hər birimiz onları daim böyük ehtiramla anır və misilsiz qəhrəmanlıqlarını özümüzə örnək bilirik. Zaman ötsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin

davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Bizim də bir xalq olaraq borcumuzdur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızın xatirələrini əziz tutaq və daim qəlbimizdə yaşadaq!

Şəhidimiz Ayxanın dəfn günü yaxşı yadımdadır, mən də orada idim. Minlərlə vətənpərvər insanın müşayiəti ilə torpağa tapşırıldı nur üzlü şəhidimiz. Ürəyi Vətənimiz Azərbaycanla bir vuran insanların hamısı bu mərasimdə iştirak edirdi! Həmin gün həyatda gördüyüm ən ülvi, ən müqəddəs bir məhəbbətin şahidi oldum! Körpəlikdən oğlu ilə birgə yatmağa vərdiş etmiş bir atanın övladına olan sönməyən, qan donduran sevgisini gördüm! Heç, siz qəbirdə oğlunu qucaqlayaraq onu son mənzilə yola salan, üstünün onunla bərabər torpaqla örtülməsini israrla tələb edən ATA görmüşdünüzmü? Mən bunu gördüm və göz yaşları içində gördüklərimi ömürlük yaddaşıma yazdım!...

Vətənpərvər olmaq – təmiz vicdanla, təmənnasız fədakarlıq göstərərək doğma Vətəninə layiq olmaq deməkdir! Vətənpərvər olmaq - Vətəninə, dövlətinə və xalqına ürəkdən bağlı olmaq, onu sevmək və hər an uğrunda canını fəda etməyə hazır olmaq deməkdir! Vətənpərvər olmaq – Vətən adlı bir dünyanın sevgisini bir ömür boyu ürəkdə yaşatmaq deməkdir!

Vətəndaş tərbiyəsinin əsasını təşkil edən vətənpərvərlik tərbiyəsi isə, ailədə başlayıb cəmiyyətdə formalaşmalıdır! Belə ailə mühitində, bu cür sevgi-nəvazişlə böyüyən bir övladı Vətənə yolunda qurban verən valideynlər isə, ən ali hörmətə və ən müqəddəs ada layiqdirlər!...

Başını dik tut şəhid atası, Sən məğrur, mətin dayan! Ayxan kimi oğul atası olmaq fəxrdir! Vətənimiz üçün belə qorxmaz bir övlad bağışlamağın özü belə, qəhrəmanlıqdır! Sən rahat ol ki, Allah, özünün ən sevimli bəndəsini-Ayxanı ən yüksək ad ilə, Şəhid adı ilə mükafatlandırdı!

Ağlama, şəhid anası! Ayxan Vətən uğrunda şəhid oldu! Öz adını tariximizin daş salnaməsinə qızıl hərflərlə yazaraq, əbədiyyətə qovuşdu! Ayxan Səni qeyrətli Vətən oğullarının anası kimi müqəddəs bir ad ilə mükafatlandırdı! İndi, təkcə Ayxan deyil, bütün Azərbaycan iğidləri Sənin oğlundur! Oğul nisgili ilə yaşayan əziz anam, Ayxan kimi mərd oğul dünyaya gətirən ana, heç zaman ağlamaz! Ağlama, şəhid anası, sil gözünün yaşını, ağlama!... Ayxan, Şəhid Anası kimi qürurverici, müqəddəs bir ad da hədiyyə etdi Sənə!

Xalqımızın igid oğlu, mənim şəhid qardaşım, gözün yolda qalmasın!

Şəhadət şərbətini içən qeyrətli eloğlu, şəhidlik məqamın mübarək olsun!

Cismən aramızda olmasan da, ruhən bizimləsən əziz qardaş!

Ruhun şad olsun Ayxan! Artıq, Müzəffər Azərbaycan Ordusu düşməni məğlub etdi!

İllərdir həsrətini çəkdiyimiz tarixi torpaqlarımız işğaldan azad edildi!

Vətən Müharibəsi möhtəşəm Qələbəmizlə başa çatdı!

Vətənini canından çox sevən şəhid qardaşım, rahat uyu!

İntizarında olduğun arzuna çatdın qardaş, rahat uyu!

Şərəfli bir ömür yaşayan, şəhid qardaşım, ruhun şad olsun!

Ayxan, onu da bil ki, xalqımızın qəlbində əbədi olaraq yaşayacaqsan!

Azərbaycan xalqı, başın sağ olsun!

Təki, Vətən yaşasın!

Var olsun müstəqil Azərbaycan dövləti!

Müqəddəs, üçrəngli bayrağımız daim var olsun və həmişə zirvələrdə dalğalansın!

Ayxan, Sənin haqqında yazdıqlarım, sadəcə həyatının kiçik bir hissəsini əhatə edir!...

Bu dünyadan subay köçən əziz qardaşım, adını belə xırda yazı ilə andığım üçün, məni bağışla!

Şəhid haqqı heç nə ilə ödənə bilməz!

Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!

Bütün şəhid valideynlərinin əlindən öpür, qarşılarında baş əyirəm!

Haqqınızı halal etsəniz, mənə şərəf vermiş olarsınız!

Ayxanın Vətənimiz üçün etdiyi qəhrəmanlıqları, fədakarlıqları qısa bir yazıda oxucuların diqqətinə çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu isə, deyə bilmərəm! Əgər yazım qənaətbəxş alınıbsa, nə xoş mənə!...

Qeyd: Yazının ərsəyə gəlməsində və işıq üzü görməsində mənə yaxından kömək edən şəxslərə: Şəhidimizin ailə üzvlərinə, əmilərinə, dayılarına, dostlarına, Beyləqan rayon rəhbərliyinə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, cənab Müşfiq Əliyevə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, cənab Şamil Sabirogluna, “Hürriyyət” qəzetinin təsisçisi, Partiya sədri, cənab Sərdar Cəlaloğluna, “Paralel”

qəzetinin təsisçisi, cənab Tapdıq Abbasa, “Quruluş” qəzetinin təsisçisi, cənab Elman İsrafiloğluna, digər mətbuat nümayəndələrinə və zəhməti keçən hər bir insana sonsuz təşəkkürümü bildirirəm!

Diqqətinizə görə minnətdaram!

Sabit Vaqif oğlu Mehdiyev